Əlilliyə görə sosial müavinətlər artırılıb. Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.
Fərmana əsasən, orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 270 (iki yüz yetmiş) manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 220 (iki yüz iyirmi) manat, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 150 (yüz əlli) manat olacaq.
Qeyd edək ki, indiyə qədər əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinət:
- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 220 manat;
- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 180 manat;
- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 120 manat olub.
Davud Rəhimli: “Əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdünün artırılması, eləcə də digər artımlar vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir”
Əlilliyi olan şəxslərə aylıq müavinətin artırılmasının əhəmiyyəti haqqında danışan Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yeni sosial paket bütün sahələri əhatə edir. Müxtəlif dərəcəli əlilliyi olan şəxslərin müavinəti artdı: “Yeni sosial paketin əsas məqsədi aztəminatlı əhalinin maddi vəziyyətinin yaxşılaşmasıdır. Əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdünün artırılması, eləcə də digər artımlar vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Danılmaz faktdır ki, son zamanlar ölkədə müxtəlif sahələrdə qiymət artımı yaşanır. Bu qiymət artımı da əhalinin yaşayışına təsir edir. Ancaq yeni sosial paket sayəsində əlilliyi olan şəxslərin sosial durumu yaxşılaşacaq”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, son 5 ildə icra olunan 4 sosial islahat paketi nəticəsində əlilliyi olan şəxslər üçün müavinət və təqaüdlər orta hesabla 3 dəfə, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi (o cümlədən gözdən əlilliyi) olan şəxslərə Prezidentin aylıq təqaüdü 2 dəfə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslərə qulluq edən şəxslərə Prezidentin aylıq təqaüdü 2 dəfə artırılıb.
Vüqar Bayramov: “Son sərəncamlar bir daha təsdiq edir ki, bu il də sosial paketin genişləndirilməsi həyata keçiriləcək”
Millət vəkili Vüqar Bayramov bildirdi ki, 2023-cü ildə dövlət büdcəsindən sosial sferaya 15.2 milyard manatın ayrılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, büdcə xərclərinin 46.0 faizi sosial sferaya yönəldiləcək.
Onun sözlərinə görə, bu, müstəqillik illərində sosial sahədə ən böyük ayırmadır: "Son sərəncamlar bir daha təsdiq edir ki, bu il də sosial paketin genişləndirilməsi həyata keçiriləcək. Bütövülkdə, son sərəncam və fərmanlar 2 milyon 700 mindən artıq vətəndaşımızı əhatə edəcək. 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının: - 81-100 faiz pozulmasına görə (I dərəcə) - 500 manata, - 61-80 faiz pozulmasına görə (II dərəcə) - 400 manata, - 31-60 faiz pozulmasına görə (III dərəcə) - 330 manata çatdırılır”.
Günel CƏLİLOVA