Masallı rayonundakı Köhnə Alvadı kəndində 1974-cü ildə doğulub boya-başa çatan Zöhrab Məmmədxan oğlu Həsənov Birinci Qarabağ müharibəsində canını Vətənə fəda etməklə əbədi bir həyat qazanıb. İndi müqəddəs ruhu ən uca zirvələrdə dolaşan elin igid övladının ölümündən illər keçsə də, örnək olaraq onun adı həmişə ehtiramla çəkilir.
Həyatı dərk edən gündən Vətəninə ürəkdən bağlanan Zöhrab Həsənov 1992-ci ildə hərbi xidmətə çağırılır. İlk dəfə Ağdam bölgəsində düşmənlə qarşı-qarşıya çıxır. Onlara yaxşı dərs verməklə, mərdliyi, igidliyi əsgər yoldaşlarına nümunə olur. Xanabad-Fərrux istiqamətində gedən müharibədə də böyük şücaətlə vuruşur. Qəlbində erməni dığalardan intiqam almaq alovu get-gedə güclənir. Bir neçə dəfə döyüş dostları onun səyi nəticəsində mühasirədən çıxmağa müvəffəq olurlar. 1993-cü ildə Vətən sevdalı qəhrəman Beyləqan rayonunun müdafiəsi zamanı minaya düşərək ağır yaralanır. Həkimlərin səyinə baxmayaraq, əbədi olaraq ürəyi dayanır.
Şəhid Zöhrab Həsənovun torpağa baş qoyduğu doğma kənd qəbiristanlığında xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatının kollektivi, ictimaiyyət nümayəndələri, kənd sakinləri abidə önünə gül-çiçək qoydular, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda müqəddəs şəhidlik zirvəsindən boylanan Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla andılar. Daha sonra mərasim iştirakçıları şəhidin ailəsinə baş çəkdilər, qayğılarını öyrəndilər, hər zaman, hər işdə onlara dayaq durmağı bildirdilər.
Bəli, Zöhrab Həsənov bu işıqlı dünyada az yaşasa da, layiqli bir övlad kimi Vətən qarşısında son borcunu şərəflə verib. Odur ki, xoş xatirələrdə yaşamaqla, gələn nəsillər də onun qoyun getdiyi əməllərini özlərinə nümunə biləcəklər.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü