Hava şəraiti ilə əlaqədar taksi qiymətlərində kəskin artım müşahidə olunur. Belə ki, taksi sürücüləri 3-5 manat arası dəyişən məsafə üçün hazırda 20-30 manat tələb edirlər.
Beynəlxalq taksi şirkətləri "Bolt" və "Uber" qiymətləri 60%-dən 3 dəfəyə qədər artırıb. Şəhər içində 1,4 km-lik məsafəni əvvəl 1,2 manata təklif edən "Bolt" hazırda qiyməti 2 manata kimi artırıb. "Uber" isə eyni məsafəyə görə 3,3 manat qiymət müəyyən edib.
Qiymət artımı tək şirkət və fərdi taksilərdə deyil, qeyri-qanuni fəaliyyət göstərən “1 manatlıq“ taksilərdə də müşahidə edilir. “1 manatlıq” taksilər qarlı hava şəraitində sərnişini 5 manata aparır.
Qeyd edək ki, 9 yanvardan etibarən Bakıda və Abşeron yarımadasında qar yağır. Paytaxtda qeyri-sabit hava şəraitinin yanvarın 12-dək davam edəcəyi bildirilir.
Taksi şirkətlərindən verilən məlumata görə, qiymət artımına qar yağdığı üçün taksi fəaliyyəti ilə məşğul olan şəxslərin işə çıxmaqdan ehtiyat etməsi, taksilərin azalması, tələbatın artması, eyni zamanda yollardakı böyük tıxaclar səbəb olub.
“Yollarda vəziyyət təhlükəli və risqlidir, belə olan halda taksi qiymətlərinin əvvəlki günlərdən fərqli olması başadüşüləndir”
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, hava şəraitinə görə taksi qiymətlərinin artımı normaldır: “Qarlı havada avtomobillərin yanacaq sərfiyyatı artır. Çünki avtomobil asta sürətlə hərəkət edir, eyni zamanda qarda təkərlər boşuna fırlanır. Ümumilikdə, yollarda vəziyyət təhlükəli və risqlidir. Belə olan halda taksi qiymətlərinin əvvəlki günlərdən fərqli olması başadüşüləndir”.
Ekspert hesab edir ki, qiyməti artırarkən insaflı davranmaq lazımdır: “Artım risqə uyğun olmalıdır. Yoxsa “heç kim yoxdur, mən qiyməti 10 manata yüksəldim” fikri qətiyyən düzgün deyil”.
Ə.Hüseynov onu da əlavə etdi ki, taksi fəaliyyətinə cəlb olunan nəqliyyat vasitələri qışa hazır olmalıdır: “Əslində, minik avtomobilini qışa hazırlamaq təkcə taksi sürücüləri üçün vacib deyil, hər kəs qışa hazırlıqlı olmalıdır. Ancaq buna görə heç bir tədbir görülə bilməz. Çünki qanunvericilikdə bununla bağlı prosedur müəyyən edilməyib. Ən yaxşısı hazır olmayan avtomobillərin yola çıxmamasıdır”.
Günel CƏLİLOVA