Paytaxta yağan qar şəhər təsərrüfatına məsul qurumların yarıtmaz fəaliyyətini bir daha üzə çıxartdı. Hələ qış gəlməmiş qışa hazır olduqlarını bəyan edən qurumların "hazırlığı"nın hansı səviyyədə olduğu isə yollarda yaranmış vəziyyətdən bəlli oldu.
Baxmayaraq ki, hidrometeoroloqlar bir neçə gün əvvəldən havanın kəskin dəyişəcəyi, qar yağacağı, şaxta olacağı barədə aidiyyəti qurumları xəbərdar etmişdi. Buna rəğmən, göydən qar düşən kimi yollar buz bağladı, nəqliyyatın hərəkəti iflic vəziyyətə düşdü, avtobuslar gecikdi (bəziləri ümumiyyətlə işləmədi), səkilər piyadaların qəniminə çevrildi. Bəli, məhz səkilər piyadaların qəniminə çevrildi. Buna səbəb isə yol kənarında olan gözəllik salonları, dönərxana, kafe – restoranlar və digər iaşə obyektlərinin qarşısının mərmər metlaxla döşənməsidir. Qar yağan kimi həmin obyektlərin qarşısı şüşə kimi buz bağlayır. O ərazidən keçmək istəyən şəxslər isə yıxılır və müxtəlif dərəcəli xəsarətlər alır. Məlumat üçün bildirək ki, qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 müraciət daxil olub. Yıxılmalara səbəbsə, əsasən, yol kənarındakı obyektlərin qarşısındakı mərmər metlaxların şüşə kimi buz bağlamasıdır.
Piyadalar da səkilərdə yeriməyin avtomobil şütüyən yollarda gəzməkdən daha təhlükəli olduğunu deyirlər. Onlar bildirir ki, qar yağan kimi Bakıda nəinki səkilər, piyada keçidləri, parklarda da hərəkət təhlükəli olur: “Piyada keçidini, səkini piyadaların təhlükəsizliyi üçün yaradıblar. Amma piyadalar qarlı havada səki ilə, piyada keçidləri ilə gedəndə, parklarda hərəkət edəndə sürüşüb xəsarət ala bilərlər. Çünki sözügedən yerlərdə yerə döşənilən daşlar xizək kimi sürüşkəndir”.
“Səkiyə döşənilən daş hansısa obyektin görünüşünə xələl gətirirsə, uyğunsuzluq yaradırsa buna görə yerə sürüşkən materialdan daş döşənilə bilməz”
Arxitektura üzrə ekspert Emil Əsədov bildirdi ki, paytaxtın əksər yerlərində yerə daş döşənərkən qarlı-yağışlı hava şəraiti nəzərə alınmayıb: “Bakıda bəzi parklarda, səkilərdə,piyada keçidlərində qarlı, buzlu havada gəzmək piyadalar üçün təhlükə yaradır. Səbəb yerə döşənilən daşların sürüşkən olmasıdır. Bu gün paytaxtda belə ərazilər çoxdur. Mərmər materiallı daş yer üçün deyil, divar üçün nəzərdə tutulub. Həmin yerlərdə layihələndirmə düzgün aparılmayıb. Ona görə də, bu gün mərmər döşənən yerlərdə qar yağan kimi piyadalar hərəkət edə bilmir. Belə yerlərdə yaşlı insanlar da, uşaq da yıxılaraq xəsarət ala bilər. Əslində piyada keçidlərində, səkilərdə, iaşə obyektlərinin qarşısında, parklarda yerə döşənilən daş bişirilmiş, üstü diyircəkli daşlar olmalıdır. Layihə təsdiq edilərkən bu məsələ diqqətdə saxlanılmalıdır ki, qışda bu cür problemlər yaranmasın”.
Ekspert onu da əlavə etdi ki, bu gün paytaxtda digər problemi iaşə obyektləri yaradır: “İndi şadlıq evləri, restoranlar inşa olunarkən səkidə piyadaların hərəkəti nəzərə alınmır. Əslində hansı obyekt inşa olunur-olunsun, səkiyə döşənilən daş eyni olmalıdır. Amma bu gün biz fərqli mənzərə ilə rastlaşırıq. Restoran, şadlıq evi, ticarət mərkəzi açan şəxslər obyektin qarşısına, yəni səkiyə istədikləri rəngdə, istədikləri materialda daş döşəyirlər. Bu şəhərsalma qaydasına ziddir. Səkiyə döşənilən daşın rəngi, materialı səkinin bir hissəsində bir cür, digər hissəsində başqa cür ola bilməz. Amma şəhərdə iaşə obyekti istifadəyə verən şəxslər buna məhəl qoymurlar. Bir də görürsən təmirdən sonra səkinin daşlarını söküb yerə mərmər döşəyirlər. Bişmiş romb şəkilli, üzəri diyircəkli daşlar səki, piyada keçidi, parklar üçün daha münasibdir. Səkiyə döşənilən daş hansısa obyektin görünüşünə xələl gətirirsə, uyğunsuzluq yaradırsa buna görə yerə sürüşkən materialdan daş döşənilə bilməz. Bu kimi halların qarşısı alınmalıdır”.
Günel CƏLİLOVA