Cənub mirvarısı kimi tanınan Lənkəran son illər öz yararsız, palçığı dizə qədər olan küçələri hesabına da ad çıxarıb. Bəzən isə təmir olanların ömrü heç bir il çəkmir.
Şəhərin Tofiq İsmayılov küçəsindəki “Ufa” marketindən keçən yollun palçığı, çala-çuxuru yalnız bu, böyük şəxsiyyətin adına xələl gətirir. Yolun keçilməz vəziyyəti sakinləri narahat etsə də, aidiyyətı qurumlar əməli iş görmək əvəzinə yalan vədlər verməkdən qalmırlar. Nəticə də günbəgün burada insanların hərəkəti çətinləşir. Artıq bu yolla, palçıq içində işə, məktəbə gedib-gəlmək mümkün deyil.
Sakinlər deyirlər ki, çoxdan küçəyə qum, çınqıl tökülüb. Onun zərrə qədər xeyri olmayıb. Yola asfalt döşəmək lazımdır. Bunu bir-neçə dəfə tələb etsək də, vəsaitin yoxluğu bəhanə gətirilib. Halbuki dövlət öz vətəndaşlarının normal, rahat yaşamasını təmin etmək üçün hər il vəsait ayırır. Lənkəranda onu insanların ehtiyacına sərf etmək yerinə, əksinə kimlərsə tərəfindən mənimsənilir.
Hər şey bir yana qalsın, adı çəkilən küçə olduqca acınacaqlı vəziyyətədir. Bir dəfə küçəni gedib-gəlmək cəhənnəm əzabına bərabərdir. Odur ki, hazırda onun təmirinə ciddi ehtiyac vardır. Ən əsası sürətli, dinamik inkişafı bütün dünyaya nümunə olan ölkəmizə belə yöndəmsiz əməllər heç cür yaraşmır...
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü