Məlum olduğu kimi, Prezident İlham Əliyev “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.
Qeyd edək ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək.
Maraqlıdır, minimum aylıq əməkhaqqının artımı müəllimlərin də maaşına təsir edəcəkmi?
Kamran Əsədov: "Yeni sərəncama əsasən müəllimlərin də əməkhaqları artır, amma bu, hələ hamısı deyil"
Təhsil üzrə ekspert Kamran Əsədov bildirdi ki, minimum əməkhaqqının artımı müəllimlərə də şamil olunacaq: "Yeni sərəncama əsasən müəllimlərin də əməkhaqları artır. Amma bu, hələ hamısı deyil. Bundan sonra ölkə başçısının müəllimlərin əməkhaqlarının artımı ilə bağlı ayrıca sərəncamı da olacaq. Bu artım diaqnostik imtahandan və sertifikasiya imtahanından müvəffəqiyyətlə keçmiş müəllimlərin əməkhaqları ilə bağlı olacaq".
Ekspertin sözlərinə görə, əmək haqqı artımı müəllimlərin bir stavka dərs yükünə görə müəyyənləşdirilmiş məbləğ formasında olacaq.
Nizami Hüseynov: “Bu, əməyin stimullaşdırılması istiqamətində atılmış ciddi addımdır”
Təhsil eksperti Nizami Hüseynov bildirdi ki, son illər təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir çox işlər görülüb: “Minimum əmək haqqının qaldırılması təhsil işçilərinin də əmək haqqısına təsir edəcək. Bu, əməyin stimullaşdırılması istiqamətində atılmış ciddi addımdır”.
Ekspert onu da əlavə etdi ki, zamanla müəllimlərin əmək haqqısı daha da artacaq. Bu diaqnostik imtahandan və sertifikasiya imtahanından müvəffəqiyyətlə keçmiş müəllimlərin əməkhaqları ilə bağlı olacaq. Ümumiyyətlə, savadlı, bacarıqlı, sertifikasiya nəticələri yüksək olan müəllimə münasibət daha zəif nəticə göstərmiş müəllimə münasibətdən fərqlənməli, daha yüksək əmək haqqı verilməlidir.
Günel CƏLİLOVA