Bu il Azərbaycandan Həcc ziyarəti olacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangir media nümayəndələrinə açıqlamasında bildirib.
O qeyd edib ki, Həcc ziyarətinin koronavirusla bağlı ötən ilki şərtləri bir az yumşaldılacaq: “Bildiyiniz kimi, ötən il ziyarətə 65 yaşına qədər olan şəxslər gedə bilərdi. Çox ehtimal ki, bu il ziyarət üçün yaş məhdudiyyəti də olmayacaq. Amma yəqin ki, koronavirusa qarşı iki doza vaksin tələbi qalacaq".
Ancaq ekspertlər isə hesab edir ki, koronavirus infeksiyası hələ tam bitməmiş Həcc ziyarətinin təşkil olunması düzgün deyil.
“Hazırki şəraitdə Azərbaycan vətəndaşlarının Həcc ziyarətinə getməməsinin ölkəmiz üçün böyük əhəmiyyəti var”
Sosioloq Aytəkin Kamranqızı qeyd etdi ki, həcc ziyarəti müsəlmanlara vacib buyurulan əməllərdən biridir: “İbadətə ancaq imkanı olan şəxslər gedir. Ibadətə gedən şəxslər bir sıra şərtlərə əməl etməlidir. Ilk öncə sağlıq durumu normal olmalı və maddi imkanı ziyarətə getməyə uyğun olmalıdır. Bununla bağlı mütamadi olaraq maarifləndirmə işi aparılmalıdır. Əhali bilməlidir ki, borc götürərək və ya yaxınlığında ehtiyac olan şəxsin həcc getməsi düzgün deyil. Həmçinin, sağlığında problem olan şəxs də ibadətə gedə bilməz. Məlumdur ki, son illər COVİD bəlası dünyanı bürüyüb. Bu xəstəlik hələ tam olaraq yox olmayıb. Hər gün onlarla insanın COVİD-ə yoluxması ilə bağlı məlumatlar yayılır. Belə bir ərəfədə Həcc ziyarətinin təşkil olunması düzgün deyil. Onu da nəzərə almaq lazımdır ki, ziyarətə daha çox yaşlı nəslin nümayəndələri gedir. Onların sağlığında müəyyən problemlər olur və adıçəkilən xəstəliyə tez yoluxa bilərlər”.
Sosioloqun fikrincə, hazırki şəraitdə Azərbaycan vətəndaşlarının Həcc ziyarətinə getməməsinin ölkəmiz üçün böyük əhəmiyyəti var. Bu həm çoxlu sayda vəsaitin ölkəmizdə qalması deməkdir, həm də vətəndaşlarımızın virusa yoluxma risqinin aşağı düşməsinə səbəb olacaq. Ötən il Səudiyyə Ərəbistanının əcnəbilər üçün Həcc ziyarətinə məhdudiyyət qoyması nəticəsində bizim vətəndaşlar da ziyarətə gedə bilmədilər. Yaxşı olar ki, bu il də belə bir qərar versinlər. Həcc ziyarətinə getmək arzusunda olan, lakin mövcud səbəblər üzündən gedə bilməyən vətəndaşlar ziyarətə xərcləyəcəyi ehtiyacı olan insanlara yönəltsələr, bu daha faydalı və savab iş olar. Təsəvvür edin ki, həmin 9-10 milyon manat vəsaitlə 16-17 min Azərbaycan vətəndaşına yardım etmək tam mümkündür. Dinimizdə də var ki, qonşusunda ac, yoxsul adam olan bir şəxsin ziyarəti qəbul edilməz. Biz əvvəlcə öz ətrafımızda ehtiyacı olan insanların problemlərini həll etməliyik, onlara maddi dəstək göstərməliyik. Yəni bu, dinimizdə də qəbul edilən bir məsələdir”.
Günel CƏLİLOVA