Vətən şəhidi Coşqun Ədail oğlu Zülfizadə 1998-ci il dekabr ayının 27-də dağlar diyarı Lerik rayonunun Nuravud kəndində dünyaya göz açıb. 4 ildən sonra ailələri Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsinə köçüb.
2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Nümunəvi, intizamlı əsgər kimi komandirlərin, əsgər yoldaşlarının hörmətini qazanıb. İkinci Qarabağ müharibəsinə Coşqun könüllü olaraq qoşulub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı əsasında Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiyi üçün Coşqun Zülfizadə "Xocavəndin azad olunmasına görə" medalına layiq görülüb.
Coşqunun Vətən müharibəsində göstərdiyi igidlik komandirlərinin diqqətindən yayınmayıb. Müharibədən sonra o, hərbi hissədə qalıb xidmətini davam edib. Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında erməni silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş genişmiqyaslı təxribatın qarşısını alarkən müddətdən artıq hərbi qulluqçu Coşqun Zülfizadə qəhrəmancasına şəhid olub. Ölümündən sonra ilə 3-cü dərəcəli “Vətənə xidmət görə” ordenli ilə təltif edilib.
Lerik rayon Heydər Əliyev Mərkəzində rayon İcra hakimiyyətinin dəstəyi, Lerik rayon Gənclər və İdman İdarəsi, Uşaq Gənclər İdman və Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə elin qəhrəman oğlu Coşqun Zülfizadənin xatirəsinə həsr olunmuş məktəb komandaları arasında şahmat yarışı keçirildi. Öncə Dövlət Himini oxundu, Vətənin yaşaması naminə canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. Rayon Gənclər və İdman İdarəsinin rəisi N.İsaqov Coşqun Zülfizadənin şərəfli həyat yolunda, müqəddəsliyinə tapındığı doğma Azərbaycanına olan sevgisindən danışdı, yarışa qatılan məktəblilərə qələbə arzuladı.
Yarışın yekununda qalib komandalar elan olundu. 1-ci yeri şəhər İnteqrasiya təlimli İnternat tipli gimnaziyanın komandası, 2-ci yeri 3 saylı məktəb komandası, 3-cü yeri isə 2 saylı məktəbin komandası tutdu. Qaliblərə kubok, diplom və medallar təqdim edildi.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü