Bu gün saat 16 radələrində Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayış olması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib.
Təhlükəsizlik tədbirləri görülür.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.
Fövqəladə Hallar Nazirliyi (FHN) də Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayışla bağlı məlumat yayıb. Nazirlikdən bildirilib ki, ilkin məlumata əsasən, 18 mərtəbəli yaşayış binasının onsəkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib.
Nəticədə, ilkin məlumata görə, 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.
Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.