Bakıda fəaliyyət göstərən takşi şirkətləri qiymətləri kəskin bahalaşdırıb. Bir neçə gündür ki, müxtəlif taksi şirkətləri eyni məsafə üçün gediş haqqını 30-50% artırıb.
Taksi sürücüləri bildirir ki, bahalaşma bayramqabağı tələbatın artması ilə bağlıdır. Ənənəvi olaraq bayram ərəfəsində qiymətlər artırılır.
“Qiymət artımı tək paytaxt ərazisində hərəkət edən taksilərdə deyil, eyni zamanda, bölgələrə gedən taksilərdə də müşahidə olunur”
Taksi şirkətlərinin qiyməti nə səbəbdən artırması ilə bağlı sosial sahə üzrə Elxan Əliyevlə danışdıq.
O bildirdi ki, qanunla taksi fəaliyyəti ilə məşğul olan şəxslərin və ya bu fəaliyyəti təşkil edən şirkətlərin hər hansı bir tarifi müəyyənləşməyib: “Ona görə də taksilər bayram günlərində qiyməti süni şəkildə artırırlar. Məlum olduğu kimi, bayramda bütün dövlət şirkətləri, özəl müəssisələr işçilərə ikiqat maaş ödəyir. Görünür, bundan taksi kimi xidmətlər də istifadə edərək, gediş haqlarını ikiqat qaldırırlar. Eyni zamanda bu, sürücülərin özləri tərəfindən də təşəbbüs kimi qaldırıla bilər. Çünki bayram günü onlar da işləyirlər və yəqin ki, aşağı qiymət olarsa, evdən çıxıb maşın sürməyə həvəsləri olmaz. Bir növ şirkətlər də onları stimullaşdırmaq üçün qiyməti qaldırırlar”.
Ekspert hesab edir ki, bayramdan sonra taksilərin qiyməti əvvəlki kimi olacaq. Sadəcə olaraq, indi taksi sürücüləri və şirkətlər artıq qazanc əldə etmək üçün süni şəkildə gediş haqqını artırır: “Qiymət artımı tək paytaxt ərazisində hərəkət edən taksilərdə deyil, eyni zamanda, böıgələrə gedən taksilərdə də müşahidə olunur. Adi günlərdə 15 manata sərnişin daşıyan taksi sürücüləri qiyməti 20 manata qaldırıblar. Bəzi rayonlara Bakıdan taksi ilə gediş qiyməti 30 manata qalxıb”.
Günel CƏLİLOVA