Azərbaycanda əsasən nağd hesablaşmalara üstünlük verilir. Nağd puldan qarşılıqlı hesablaşmalar üçün istifadə edilir. Əmtəələrin alınması və müxtəlif pullu xidmətlərin haqqının verilməsi bu qaydada həyata keçirilir.
Bunlar ölkəmizdə nağd pula olan tələbatın inkişaf etmiş ölkələrə nisbətən müqayisəedilməz dərəcədə yüksək olmasına səbəb olur. Bu səbəbdən də bəzi sahələrdə hesablaşmanın yalnız nağdsız qaydada həyata keçirilməsi ilə bağlı müəyyən işlər görülür.
Prezident İlham Əliyev “Nağdsız hesablaşmalar haqqında” Qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər də nağdsız qaydada həyata keçiriləcək. Nağdsız qaydada həyata keçirilən hesablaşmaların dairəsi genişləndirilməklə, tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər də nağdsız qəbul ediləcək. Bununla da bütün özəl tibb fəaliyyətinə nağdsız əməliyyatlara münasibətdə eyni hüquqi rejim tətbiq olunur.
Ekspertlər hesab edir ki, belə bir qaydanın tətbiq edilməsində məqsəd nağdsız əməliyyatların həcminin artırılmasıdır.
“Qeyri-rəsmi dövriyyə nə qədər yüksək olarsa, dövlət büdcəsi itirir və dövlətin maliyyə dayanıqlığı baxımından ciddi təhlükə yaranır”
Iqtisadçı Kamran Məmmədli qeyd etdi ki, Azərbaycanda nağdsız ödənişlərin həcminin artırılması, nağd dövriyyənin azaldılması məqsədilə görülən tədbirlərə baxmayaraq, nağd vəsaitlərin həcmi artıb: “Məlumdur ki, özəl xəstəxanalarda gəlir digər yerlərlə müqayisədə yüksəkdir. Bu səbəbdən özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə 500 manatdan artıq olan ödəniş mütləq şəkildə nağdsız qaydada həyata keçirilməlidir. Bu qaydanın tətbiq edilməsində məqsəd nağdsız əməliyyatların həcminin artmasıdır. Qeyri-rəsmi dövriyyə nə qədər yüksək olarsa, dövlət büdcəsi itirir və dövlətin maliyyə dayanıqlığı baxımından ciddi təhlükə yaradır”.
Ekspert hesab edir ki, müasir dövlətin iqtisadiyyatında əsas əhəmiyyət verilməli olan sahələrdən biri də nağdsız dövriyyəni inkişaf etdirməkdir: “Nağdsız dövriyyə nə qədər inkişaf edərsə, ölkə, hökumət daha effektli iqtisadi siyasət, xüsusilə maliyyə və monetar siyasət həyata keçirə bilir”.
Günel CƏLİLOVA