“Təhsil haqqında” qanunun yenidən hazırlanması Milli Məclisdə müzakirə olunur. Millət vəkilləri hesab edir ki, təhsil haqqında qanun yenidən hazırlanmalıdır: “Repetitorluq sistemi var ki, təhsil sistemini dağıdır. 8-ci sinifdən sonra uşaqlar məktəbə getmir, müəllimlərin yanında yüksək səviyyədə hazırlaşır”.
Ekspertlər də hesab edir ki, "Təhsil haqqında” qanuna ediləcək dəyişiklik təhsil prosesinin daha əlverişli, səmərəli təşkilinə yönəldilməsinə şərait yaradacaq.
“Təhsilin müddəti, təhsilin maliyyələşməsi, eyni zamanda, orta və ali təshsil müəssisələrinin idarə edilməsi ilə bağlı müddət məsələsi adıçəkilən qanunda öz əksini tapmalıdır”
“Təhsil haqqında” qanuna ediləcək dəyişikliklə bağlı təhsil eksperti Kamran Əsədovla həmsöhbət olduq.
- “Təhsil haqqında” qanun özündə hansı dəyişikliklər və yeniliklər ehtiva edəcək?
- Adıçəkilən qanun 2009-cu ildə qəbul olunub. Bu müddət ərzində qanuna bir neçə dəfə dəyişiklik edilib. Sonuncu dəfə 2018-ci ildə 39 maddəyə dəyişiklik edildi. Təbii ki, ölkədə və dünyada baş verən dəyişikliklər, elmi-texniki yeniliklər qanunvericilikdə dəyişikliklərin edilməsini zəruri edir. Bu səbəbdən də “Təhsil haqqında” qanuna dəyişiklik edilməlidir.
- Qeyd etdiz ki, “Təhsil Haqqında” qanuna dəyişiklik edilməlidir. Sizcə, dəyişiklik olarsa, bu, təhsilin hansı sahələrinə şamil olunmalıdır?
- “Təhsil haqqında” qanuna dəyişiklik edilməlidir. Dəyişikliyin bir neçə maddəyə edilməsi gözlənilir. Əsasən “Məktəbəqədər təhsil haqqında” qanuna dəyişiklik edilməsi vacibdir. Məktəbəqədər təhsillə yenilik edilməlidir. Eyni zamanda, orta ümumtəhsil məktəblərində tədrisin təşkili qaydası və qiymətləndirilmə ilə bağlı məsələdə nəzərə alınmalıdır. Həmçinin, şagird və təhsil verənlərin hüquq və vəzifələrində müəyyən dəyişiklik gözlənilir. Bundan başqa, ali təhsildə də dəyişiklik olacağı ehtimal edilir. Belə ki, ali təhsil müəssisələrinə qəbul qaydalarında da dəyişiklik olacağı gözlənilir. Məlumdur ki, Nazirlər Kabineti ali təhsillə bağlı müvafiq qaydalara dəyişiklik edib. Bu dəyişiklik “Təhsil haqqında” qanunda öz əksini tapmalıdır.
- “Ali təhsil haqqında” qanunun da Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir. “Təhsil haqqında” qanuna ediləcək dəyişikliklər “Ali təhsil haqqında” qanuna necə uyğunlaşdırılmalıdır?
- Bəli, “Ali təhsil haqqında” qanun müzakirə ərəfəsindədir. Qanunvericilikdə ediləcək müəyyən dəyişikliklər “Ali təhsil haqqında” qanuna uyğunlaşmalıdır. Bununla bağlı müəyyən işlərin görülməsinə ehtiyac var.
- Məlumdur ki, təhsilin müddəti və təhsil haqqı ilə bağlı müzakirələr aparılır. Bu problemin həlli “Təhsil haqqında” qanunda necə qeyd olunmalıdır?
- Təhsilin müddəti, təhsilin maliyyələşməsi, eyni zamanda, orta və ali təshsil müəssisələrinin idarə edilməsi ilə bağlı müddət məsələsi adıçəkilən qanunda öz əksini tapmalıdır. Tələbə Təhsil Krediti Fondu tərəfindən müəyyən olunmuş kreditlərin verilməsi ilə bağlı qərarlarda dəyişikliklərin olunması ilə bağlı təklif irəli sürülməlidir.
- Müəllimlərin sertifikasiya prosesi həyata keçirilir. Ancaq pedaqoqların sertfikasiya prosesi qanunvericilikdə tam olaraq əks olunmayıb. Qanuna ediləcək dəyişiklikdə müəllimlərin sertifikasiya məsələsi qeyd edilə bilərmi?
- Bəli, müəllimlərin sertifikasiya məsələsi qanunvericilikdə tam olaraq qeyd edilməyib. Bu məsələyə səthi yanaşılıb. Yeni “Təhsil haqqında” qanunda müəllimlərin sertifikasiyası, eyni zamanda, akkreditasiyası ilə müəyyən normalar öz əksini tapmalıdır. Belə olarsa, sertifikasiya ilə bağlı yaşanan problemlərə son qoyular.
- Qanuna ediləcək dəyişiklik təhsilin ümumi vəziyyətinə necə təsir edəcək?
- "Təhsil haqqında” qanuna ediləcək dəyişiklik təhsil prosesinin daha əlverişli, səmərəli təşkilinə yönəldilməlidir. Təhsilin hər kəs üçün əlçatanlığının təmin olunması burada öz əksini tapmalıdır.
Günel CƏLİLOVA