Dağlar diyarı Lerik rayonunun Pirasora kəndində qoyunçuluq əzəldən ata-baba peşəsidir. Həm də bu təsərrüfat sahənin inkişafı üçün burda yaxşı şərait vardır. Pirasoralılar qoyun bəsləməklə özlərinə gözəl həyat qura biliblər. Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı sayəsində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda 1979-cu ildən aparılan seleksiya-damazlıq işləri nəticəsində yeni cinsin - "Pirasora" cinsinin alınması, istifadə edilən cinslər, elmi əsaslarla seçmə-çarpazlaşdırma aparılması barədə təqdimat keçirilib. Təqdimatda "Pirasora" cinsinin yetişdirilməsi üzrə damazlıq reproduktor qoyunçuluq təsərrüfatının rəhbəri Pənah Hüseynov çıxış edərək demişdir:- Yeni qoyun cinsinin yaradılması üzərində işlərə ötən əsrin 70-ci illərində Lerik rayonunun Pirasora kəndində xalq seleksiyası yolu ilə başlanılıb. 4 cinsin mələzlərinin çarpazlaşdırılması yolu ilə alınan qoyun cinsinə “Pirasora” adı verilib. Yüksək yağ, yun və ət vermə qabiliyyətinə malik cins dağ və dağətəyi yerlər, həmçinin aran zonasına yaxşı adaptasiya olur. Həmçinin 100 anaya 130-a yaxın bala vermə potensialı var.
Seminarda qoyunçuluğun daha inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb. Tədbirin sonunda “Pirasora” qoyun cinsinin seleksiya nailiyyətinin müəlliflərinə patent və müəlliflik şəhadətnamələri verilib, eləcə fermerləri tərəfindən ünvanlanan suallar da ətraflı cavablandırılıb.
Axırda “Pirasora” qoyun cinsinə baxış keçirilib.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü