“Ağ ölüm” kimi tarixə düşən, bütün bəşəriyyəti narahat edən narkomanlığa cənub mirvarisi Lənkəranda meyl göstərənlərin əksəriyyəti gənc və yeniyetmələrin olması çox pis haldır. Artıq cəmiyyətin faciəsinə çevrilən əsrin bəlasının qarşısını almaq məqsədilə ən çox da rayonun təhsil ocaqlarında maarifləndirici tədbirlər görülür. Lənkəran şəhər 10 saylı tam orta məktəbdə 140 şagirdin iştirak etdiyi, təşkilatçıları Lənkəran Şəhər Gənclər və İdman İdarəsi, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsi olan "Narkomanlığın insan sağlamlığına ziyanlı təsiri və sağlam həyat tərzi" adlı tədbir də gəncləri vaxtsız gələn dəhşətli bəladan uzaq salmaq məqsədi daşıyırdı.
Tədbirdə məktəbin direktoru Kəmalə Abbasova, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Sadiq Həmidov, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəis müavini Anar Həbibzadə və inspektoru Tahir Gözəlov çıxışlarında sağlam həyat tərzinin təbliği və narkomaniyanın əsrin bəlası olduğunu, bu xəstəlikdən qorunma tədbirlərindən, zərərli vərdişlərdən, erkən nikah, eləcə onun törətdiyi fəsadlardan ətraflı danışdılar. “Məktəb bu məsələdə əhəmiyyətli rol oynamalıdır. Həm də valideynin, məktəb birliyinin uşaq üzərində nəzarəti olmalıdır. Gənclərin narkomaniyaya qurşanması onların təhsildən kənarlaşmasına, ətraflarındakı insanlara daha çox cinayətkar simasının aşılanmasına və sağlamlıqlarının zərbə altında qalmasına şərait yaradır” fikirlərdən daha sonra dedilər ki, dövlət başçısı İlham Əliyev ölkə əhalisinin sağlamlığına prioritet məsələ kimi baxır. Gənclər arasında idmanın, mədəni-kütləvi tədbirlərin, müsabiqələrin, tədris-təlim proqramların tez-tez təşkilində əsas məqsədlərdən biri sağlamlığın təmin edilməsi olduğu halda, eyni zamanda onların belə ağır fəsadlar törədən vərdişlərdən çəkindirməyə nail olmaqdır. Məhz buna görə şagirdlərin belə tədbirlərə müntəzəm qoşulması olduqca böyük əhəmiyyətə malikdir.
Sonda şagirdlərin iştirakı ilə mövzu ətrafında müzakirələr aparıldı, onlara zərərli vərdişlərdən uzaq olmaq, əsası boş vaxtlarını idmana sərf etməyi məsləhət bildirdilər.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü