"Müraciət olarsa, sürücülük imtahanlarını keçirə bilərik”. Bunu mediaya açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, biliklərin yoxlanılmasında hansısa formatda prosesə qoşula bilərlər: “Lakin təbii ki, real sürücülük qabiliyyətini yoxlaya bilmərik. Yeni imtahan mərkəzində bunun üçün imkanımız olacaq. Biz hansısa imtahanı keçirmək üçün heç kimlə danışıq aparmırıq. Hökumət nə sifariş verirsə, onu yerinə yetiririk”.
Sürücülük imtahanının DİM-də keçirilməsi ictimaiyyət tərəfindən narazılığa səbəb olub. Qeyd edilir ki, sürücülük imtahanının keçirilməsi xüsusi qurum tərəfindən həyata keçirilir. Sürücülük məsələsi isə yol hərəkəti təhlükəsizliyinin əsas predmetlərindən biridir və yol polisi də bunun öhdəsindən uğurla gəlir .
Elməddin Muradlı: “Tələbə qəbulu ilə bağlı kifayət qədər qüsurlar var, yaxşı olar ki…”
Nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, bu açıqlama sosial şəbəkələrdə də müzakirə olundu və praktiki cəhətdən mümkünsüz olduğu üzə çıxdı: “Danılmaz faktdır ki, tələbə qəbulu ilə bağlı kifayət qədər qüsurlar var. Yaxşı olar ki, Məleykə Abbaszadə onlarla məşğul olsun. Sürücülük məsələsi isə yol hərəkəti təhlükəsizliyinin əsas predmetlərindən biridir və yol polisi də bu işlə məşğul olur”.
Ekspert onu da əlavə etdi ki, DİM sədri açıqlamasında texniki avadanlıqlarının və meydançalarının olmadığını etiraf edib. Belə olan halda DİM-in öz problemlərini yoluna qoyduqdan sonra təşəbbüs irəli sürməsi daha yaxşı olar.
Ərşad Hüseynov: “Peşəkar sürücü hazırlayan obyektiv, şəffaf imtahan sistemi və sürücü təhsili olmalıdır”
Hüquqşünas Ərşad Hüseynov bildirdi ki, imtahanların hansı qurum tərəfindən keçirilməsi o qədər də önəmli deyil: “Əsas məsələ imtahanın necə götürülməsidir. Sürücülük və yol qaydaları ilə bağlı dəqiq, müasir proqram olmalıdır. Hazırda Azərbaycanda sürücülük imtahanı ilə bağlı istifadə olunan nəzəri proqramlar 80-ci illərdən mövcud olandır. Əksəriyyət imtahandan birtəhər keçə bilmək üçün proqramı əzbərləməklə məşğuldur. Proqramı dəyişmək lazımdır. 2018-ci ilin dekabr ayında “Yol hərəkətinin təhlükəsizliyinə dair dövlət Proqramı”nda da qeyd olunub ki, Azərbaycanda sürücü hazırlığı ilə bağlı qanunvericilik təkmilləşdirilsin. Peşəkar sürücü hazırlayan obyektiv, şəffaf imtahan sistemi və sürücü təhsili olmalıdır. İmtahanın hansı dövlət qurumunda keçirilməsinin isə önəmi yoxdur”.
Günel CƏLİLOVA