Masaj salonları ilə bağlı ictimai rəy birmənalı deyil. Bu mövzuda müxtəlif fikirlər səslənməkdədir. Kimi salonların digər məqsədlər üçün istifadə edildiyini, kimi də bu obyektlərin insan alveri üçün şərait yaratdığını deyir. Bir sözlə, indi az adam tapılar ki, həmin salonların işinin sırf müalicəvi əhəmiyyət daşıdığına inana.
Qeyd edək ki, son zamanlar masaj salonları ilə bağlı şikayətlər artıb. Bildirilir ki, bu salonlar reabilitasiya, tibbi xidmət göstərilməsi adı ilə açılsa da, sonradan fəaliyyət istiqamətləri dəyişir, intim xidmət axtarışında olanların üz tutduqları məkana çevrilir.
Məlumat üçün bildirək ki, masaj qiymətləri 15 manatdan başlayıb, 50-60 manata qədər artır. Maraqlıdır, bu obyektlərin fəaliyyətinə hansı qurum, hansı meyarlar əsasında lisenziya verir? Lisenziya verməklə iş bitir, yoxsa nəzarət mexanizmi mövcuddur?
“Masaj xidməti adı altında əxlaqsızlıq yuvalarının fəaliyyəti, intim xidmətlərin göstərilməsi də heç kəsə sirr deyil”
“Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli qeyd etdi ki, bu gün ölkəmizdə masaj salonlarına münasibət fərqlidir və bunun məlum səbəbləri var: “Danılmaz faktdır ki, masaj salonlarında intim xidmətlər təklif olunur. Hüquq-mühafizə orqanlarının nümayəndələri dəfələrlə həmin salonlarda reydlər keçirib və salonun aidiyyəti üzrə xidmət göstərmədiyi məlum olub. Bu səbəbdən də ölkəmizdə masaj salonlarına münasibət elə də isti deyil. Bir zamanlar ölkəmizdə Çin masaj salonları xidmət göstərirdi. Çin masajı Azərbaycan üçün ənənəvi deyil. Ona görə də belə masaj kabinetlərinin fəaliyyətinin zəruri ehtiyacdan doğduğunu söyləmək mümkün deyil. Belə görünür ki, bu salonlar süni şəkildə artırılırdı”.
Birlik sədri onu da əlavə etdi ki, sahibkar VÖEN və ya hüquqi şəxs kimi istənilən xidməti göstərən müəssisəni aça bilər: “Onu da nəzərə almaq lazımdır ki, bu gün ölkədə peşəkar masaj xidməti göstərən müəssisələr var. İstər reabilitasiya məqsədli, istər tibbi masaj, istərsə də alternativ tibb kimi masaj xidmətlərinin təqdim edilməsi mövcuddur. Lakin masaj xidməti adı altında əxlaqsızlıq yuvalarının fəaliyyəti, intim xidmətlərin göstərilməsi də heç kəsə sirr deyil. Bu cinayətdir və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyət yaradır”.
Günel CƏLİLOVA