Son günlər sosial şəbəkələrdə, bəzi marketlərdə üzərində “etibarsız” sözü yazılan əskinaslar satılır. Bunu istənilən şəxs müşahidə edə bilər. Sosial şəbəkələrdə, xüsusən də satış elanlarında həmin pullar “toyda foto çəkdirmək üçün” başlığı ilə paylaşılır.
Ancaq bəzilərinin qəsdən, bəzilərinin də bilmədən həmin pullar vasitəsilə alış-veriş edəcəyi isə istisna edilmir.
Əkrəm Həsənov: “Əskinasın üzərində “etibarsız” sözü yazılıbsa, deməli həmin pul istifadəyə yararsızdır”
Maraqlıdır, bu əskinasların satışı nə dərəcədə düzgündür? Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, əskinasın üzərində “etibarsız” sözü yazılıbsa, deməli həmin pul istifadəyə yararsızdır. Yəni həmin əskinasdan pul kimi istifadə edilə bilməz: “Həmin əskinaslar əsasən oyuncaq və ya suvenir kimi istifadə edilə bilər. Xarici ölkələrdə də üzərində “etibarsız” sözü yazılan pullar olur. Ancaq həmin puldan alış-veriş məqsədilə deyil, yalnız suvenir kimi istifadə olunur. Ola bilər ki, kimsə həmin əskinaslardan tədavül vasitəsi kimi istifadə etmək istəsin. Ancaq bu qanunsuzdur. Hər bir halda, əsasən, satıcılar diqqətli olmalıdır”.
Aytəkin Kamranqızı: “Manat ucuz piar vasitəsinə çevrilməməlidir”
Sosioloq Aytəkin Kamranqızı hesab edir ki, bəzi şirkətlər öz məhsulunun reklamını milli valyuta üzərindən aparır. Ancaq şirkətlər hansısa məhsulu reklam etmək istəyirsə milli valyutadadan istifadə etməməlidir: “Nəzərə almaq lazımdır ki, manat dövlət rəmzlərindən biridir. Bu səbəbdən də milli valyutadan oyuncaq və ya suvenir məqsədilə istifadə olunması düzgün deyil. Manat ucuz piar vasitəsinə çevrilməməlidir. Marketlər də bu piar vasitəsinə qoşulmamalıdır. Bu pullara daha çox məktəb yaşlı uşaqlar, yeniyetmələr maraq göstərir. Onlar bu pullardan həm oyuncaq, həm də kiməsə nəyisə sübut etmək üçün istifadə edirlər”.
A.Kamranqızı hesab edir ki, üzərində “etibarsız” sözü yazılan pullar satışdan çıxarılmalıdır. Buna xüsusi diqqət edilməlidir. Market, dükan və sosial şəbəkələrdə belə pulların satışına nəzarət edilməlidir”.
Günel CƏLİLOVA