AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "Sanitariya Epidemoloji Xidmətlər" MMC tərəfindən "Tibbi tullantıların idarə olunması" mövzusunda seminar keçirildi.
Seminarda məlumat verildi ki, məqsəd qanunvericiliyin və normativ hüququ aktların tələblərinin təşviqi və bu sahəyə cavabdeh tibbi heyətin maariflənməsidir. Qeyd edildi ki, bu seminar "Sanitariya Epidemoloji Xidmətlər" MMC tibbi tullantıların idarə edilməsi məsələsinin aktuallığını nəzərə alaraq Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin, Respublika Gigiyena və Epidemologiya Mərkəzi, TƏBİB, Azərbaycan Dövlət Tibb Universiteti, Ümumdünya Səhiyyə Təşkilatı, KOBİA, "Təmiz Şəhər" ASC nümayəndələrinin tibb işçilərinin iştirakı ilə keçirilir.
Verilən məlumata görə, 11 noyabr 2022-ci ildə Səmərqənddə keçirilən IX Zirvə Görüşündə "Ümumi evimiz olan dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə" Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, BMT-nin baş katibi Antonio Quttereş və digər iştirakçılar tərəfindən imzalanıb.
Vurğulandı ki, ölkədə standartlara cavab verən dövlət və özəl klinikalar müasir cihaz və avadanlıqlarla təhciz edilir, tibbi heyətin peşəkarlığının təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Tibb müəssisələrinin çoxalması ilə bərabər tibbi tullantıların həcmi artır və idarə edilməsi məsələsi önə çıxır.
"Tibbi tullantıların idarə olunması" mövzusunda təşkil edilən seminarı "Sanitariya Epidemoloji Xidmətlər" MMC-nin direktoru Fuad Həsənzadə açdı və layihə barədə məlumat verdi, onun mahiyyəti haqda danışdı. MMC-nin baş həkimi Elmira Əkbərova isə “Tibbi tullantıların idarə edilməsi predmeti və Nazirlər Kabinetinin 213 nömrəli mahiyyəti və izahı” mövzusunu slaydların nümayişi ilə təqdim etdi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin aparıcı məsləhətçisi Suqra İbrahimli "Nazirliyin ətraf mühitin mühafizəsi və tullantıların idarə olunması sahəsində görülən işlər", AMEA Fiziologiya İnstitutu, biologiya üzrə fəlsəfə doktoru Sevinc Yusidova "Tibbi tullantıların ətraf mühitdə xüsusi təhlükə yaradan çirkləndirici kimi ", Azərbaycan Tibb Universitetinin Qidalanma və tibbi ekologiya kafedrasının dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Şaxəli Səmədov "Xəstəxanaların radiologiya şöbələrində əmələ gələn tullantılar haqqında", SƏTƏM üzrə direktor Yusif Həsənzadə "Tibb müəssisələrində tibbi tullantıların toplanılması və daşınmasının icrası zamanı irəli gələn məsələlər və SƏTƏM haqqında, Nərfi Şərifova Nazirlər Kabinetinin 213 nömrəli Qərarından irəli gələn məsələlər və təkmilləşdirilməsi ilə bağlı təkliflər (slaydların nümayişi ) barədə məruzə etdi. Seminarda yekun nitqi söyləyən MMC rəhbəri tədbirə qatılan hər kəsə təşəkkür etdi.
İradə SARIYEVA