Bələdiyyələrlə sakinlər arasında vergi ödəməklə bağlı tez-tez mübahisələr yaranır. Görünən odur ki, hazırda bələdiyyələrin vergi toplamasında müəyyən anlaşılmazlıqlar mövcuddur.
Bələdiyyələr özünüidarəetmə təşkilatı olmaqla yanaşı, həm də özünümaliyyələşdirmə qurumudur. Onların maliyyələşməsi fiziki şəxslərdən toplanan əmlak vergisi, mənfəət vergisi və sanatoriya, kurortlardan əldə etdiyi gəlir hesabına baş verir. O ki qaldı bələdiyyələrin sakinlərdən tələb etdiyi torpaq və əmlak vergisinə, bu heç də sadalananların hamısına aid deyil. Torpağın hər 100 kvadratmetrinə görə vətəndaşdan 60 qəpik vergi tələb olunur. Əmlak vergisi isə yalnız çıxarışı olan, sənədli evlərdən tələb olunur. Bələdiyyələr sənədsiz evlərdən, qanunsuz tikililərdən yalnız torpaqdan istifadə etdiyi üçün torpaq vergisi ala bilər. Evin sənədi yoxdursa, vətəndaşdan əmlak vergisi tələb edilə bilməz. Ancaq bu gün bunun əksi müşahidə edilir. Bələdiyyələr, evin sənədi oldu-olmadı, mənzil sahibindən məcburi əmlak vergisi tələb edir. Ancaq mənzil sahibləri bələdiyyəyə rüsum ödəmək istəmirlər. Səbəb isə onların aldığı vəsait qarşılığında heç bir iş görməməsidir. Məlumdur ki, bu gün qəsəbələr, kəndlərarası yollar bərbad vəziyyətdədir. Bu hal daha çox soyuq qış fəslində özünü göstərir. Yollar çala-çuxur, palçıqlı olduğu üçün nə nəqliyyat vasitələri, nə də piyadalar keçə bilir. Buna baxmayaraq, bələdiyyələr sakinləri məcbur edir ki, onlar ödəniş etsinlər.
“Bələdiyyələr zibilləri vaxtında təmizləsə, yolların təmiri və bu kimi digər problemləri vaxtında həll etsə, cəmiyyətdə narazılıq yaranmazdı”
İqtisadçı-ekspert Kamran Məmmədli qeyd etdi ki, yığılan vəsait şəffaf olaraq xərclənsəydi, cəmiyyətdə əmlak vergisinə görə belə narazılıq yaranmazdı: "Bələdiyyələr yığdıqları verginin müqabilində sakinlərin yaşadıqları ərazilərdə problemlərinin həlli istiqamətində müəyyən addımlar ata bilərlər. Lakin təəssüflər olsun ki, Azərbaycanda bələdiyyə sistemi işlək deyil. Bu səbəbdən də əlavə vergilər sakinlər tərəfindən narazılıqla qarşılanır. Buna görə dövlət orqanları tərəfindən vətəndaş qarşısında məsuliyyət olmalıdır. Zibillərin vaxtında təmizlənməsi, yolların təmiri və bu kimi digər problemlər vaxtında həll olunsaydı, cəmiyyətdə narazılıq yaranmazdı”.
Ekspert onu da əlavə etdi ki, vətəndaşlar həmin vergini ödəmədiyi təqdirdə bələdiyyələr qanuni alətlərlə heç nə edə bilməzlər. Vətəndaş bələdiyyənin normativ xarakterli aktının mövcud olmadığı səbəbindən məsuliyyətə cəlb oluna bilməz. Hüquqi savadsızlığın və etinasazılığın bədəli budur! Zatən bu, nəticə olaraq bələdiyyələrimizin yeganə problemi deyil.
Günel CƏLİLOVA