ABŞ-ın Azərbaycandakı Səfirliyi “Damla” İctimai Birliyi ilə tərəfdaşlıq şəklində işləyərək səfirliyin yerli əməkdaşlarının şərəfinə ehtiyacı olan insanlara ərzaq bağlamalarının paylanmasını həyata keçirib.
Səfirliyin yerli əməkdaşlarının şərəfinə müvəqqəti işlər vəkili Hüqo Qevara və səfirliyin əməkdaşları ərzaq bağlamalarını “Damla” İB-nə ianə ediblər. Sözügedən ianə gəliri aşağı olan insanlara, uşaqlara, əlilliyi olan şəxslərə və digər ehtiyacı olan insanlara dəstək vermək üçün nəzərdə tutulub.
Səfirlikdən bildirilib ki, bu ianə yerli əməkdaşların ABŞ Səfirliyinin işinə verdikləri əsaslı və vacib töhfələri vurğulamaq üçün həyata keçirilib. Bu ianə, habelə, bizim vətəndaş cəmiyyətinə verdiyimiz dəstəyin rəmzi və hər bir kəsin hörmət və dəstəyə layiq olduğunun işarəsidir.
Tədbir zamanı çıxış edən Müvəqqəti İşlər Vəkili Qevara qeyd edib: “Biz bunu komandamızın səfirliyə göstərdiyi fədakarlıq və dəstəyə, onların Azərbaycan və Amerika xalqları arasında əlaqə yaradılması üçün etdikləri işin şərəfinə, komandamıza minnatdalığımızı bildirmək üçün edirik”. Qevara əlavə edib ki, keçən il Səfirlik hər yerli əməkdaşın şərəfinə Bakı ətrafında 335 ağacın əkilməsini təşkil etmişdi.
Müvəqqəti İşlər Vəkili davam edərək qeyd edib: “Bu iyanə sadəcə olaraq ərzaq bağlamalarının verilməsi deyil. Bu digərlərinin həyatında dəyişikliyi təmin edən bir işdir. Bu il biz müharibənin təsirini, ərzaq və təchizatların qiymət artımını və çoxlarının üzləşdiyi çağırışların şahidi olmuşuq. Kiçik şəkildə olsada biz bu yardımı göstərməkdən şərəf duyuruq. Səfirlikdə biz irqindən, dinindən, cinsindən, etnik mənsubiyyətindən, sosial-iqtisadi durumundan və hər hansı başqa səbəbdən asılı olmayaraq hər bir kəsə dəyər verir, onların komandamıza gətirdikləri müxtəlifliyi qiymətləndiririk”.
Səfirliyin tərəfdaşı olan “Damla” 2008-ci ildən fəaliyyətdə olan və 2010-cu ildən hüquqi təşkilat kimi qeydiyyatdan kecən İctimai Birlikdir. Birlik Bakı və 36 bölgədə fəaliyyət göstərərək gəliri aşağı olan ailələrə, qismən və ya tam valideyin qayğısından məhrun olan uşaqlara, fiziki əlilliyi olan şəxslərə, tənha yaşlı insanlara və təbii fəlakətlərdən əziyyət çəkmiş insanlara yardım edir. Birlik, həmçinin, təxirəsalınmaz əməliyyat və digər tibbi yardıma ehtiyacı olanlar üçün maliyyə yardımının toplanmasını təşkil edir.