Bir çox məktəbdə “valideyn komitələri” adlı qurumlar fəaliyyət göstərir. Ancaq bu komitələrin böyük əksəriyyətinin fəaliyyəti, xarici təcrübədən fərqli olaraq, şənlik, qonaqlıq və ad günü kimi tədbirləri təşkil etmək və ya keçirməkdən ibarətdir. Bu komitələrdə, dərs və tədrislə bağlı problemlərdən daha çox, müəllim günü, ad günləri və qonaqlıq kimi tədbirlərin təşkili məsələləri müzakirə olunur.
Ekspertlər bildirir ki, xarici ölkələrdə valideyn komitələri və buna bənzər qurumlar əsasən şagirdlər üçün öyrədici və inkişaf etdirici tədbirlər həyata keçirirlər. Xüsusən də sağlamlıq imkanı məhdud olan şagirdlərin dərsə adaptasiyası üçün xidmətlər göstərirlər. Ancaq bizdə bu xidmət yalnız şənlik və qonaqlıq keçirməklə, daha dəqiq desək, pul yığmaqla məhdudlaşır.
Məlumat üçün bildirək ki, qanunvericiliyə əsasən, məktəblərdə heç bir komitə yaradıla bilməz. Lakin qadağalara baxmayaraq, bu gün məktəblərdə qeyd edilən qurumlar hələ də fəaliyyət göstərir. Qeyd etdiyimiz kimi, bu qurumların fəaliyyəti də şagirdlərin dərsə münasibəti deyil, yalnız pul yığmaqdan ibarətdir.
“Valideyn komitələrinin fəaliyyət sistemi təhsil keyfiyyətinin artmasına və ya hansısa problemin həllinə yönəlməyib”
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, hazırda məktəblərdə fəaliyyət göstərən valideyn komitələri hüquqi əsası olmayan, məktəbdə yalnız pul yığımını həyata keçirən gizli qurumlardır: “Məlumat üçün bildirim ki, hazırda ölkədə 4432 orta təhsil müəssisəsi fəaliyyət göstərir. Təəssüf ki, şagird-müəllim, müəllim-məktəb-valideyin münasibətlərinin eyni olması üçün Dünya Bankının bizə təqdim etdiyi assosiasiyanı yarada bilmədik. Bunun bir neçə obyektiv və subyektiv səbəbi var. Uzun illər ərzində təhsil sistemində formalaşan korrupsiya, rüşvət və idarəetmə ilə bağlı boşluqlar müəllim-valideyn assosiasiyasının tam formalaşmasına imkan vermədi.”
Ekspertin sözlərinə görə, qanunvericiliyə əsasən məktəblərdə heç bir komitə yaradıla bilməz: “Bəzi məktəblərdə qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçən nümayəndələr var. Əvvəllər müəllimlər günü, məktəb təmiri və digər səbəblərlə bağlı pul yığımını müəllimlər özləri həyata keçirirdilər, indi o prosesi whatsapp qrupundan ibarət olan valideyn komitəsi həyata keçirir. Bu komitə üzvləri məktəblərdə təşkil edilən tədbirlərin qeyri-rəsmi təşkilatçısıdır. Valideyn komitəsinin üzvləri iclas zamanı komitə nümayəndələri tərəfindən seçilməlidir, lakin bizdə daha aktiv olan, müəllimə daha yaxın olan valideynlər sırasından seçilir. Onların fəaliyyət sistemi təhsil keyfiyyətinin artmasına və ya hansısa problemin həllinə yönəlməyib”.
Günel CƏLİLOVA