05/02/2023 14:06
728 x 90

Lerikin dağ kəndlərinin “dağdan ağır” istilik problemi hələ də çözülməyib...

img

Artıq Lerikin dağ kəndlərində şaxtalı qış öz sərt üzünü göstərir. Yanacaq qıtlığı indidən insanları ölüm kabusu ilə üz-üzə qoyub. Məcburiyyət qarşısında qalanlar bütün olanını satıb  meşə işbazlardan “qızıl qiymətinə” odun alırlar. Belə bir ağır gündə rayon rəhbərlərinin susqunluğu maraq doğurur. Nəticədə əzab-əziyyət içində can verən kəndlinin bu qışdan  salamat çıxmağa ümidi tükənir...

Lerik rayonunda 161 kənd vardır, iyirmi birinci əsrdə yaşasaq da, hələ onların 56-sına  qaz çəkilibdir. Halbuki dünyanın bir sıra ölkəsi Azərbaycan qazı hesabına isinir. Belə olduğu halda rüşvətxor məmurların üzdəniraq əməlləri illərdir Lerik kəndlisini “mavi” qazsız qoyur. Bradi kənd sakini Güloğlan Babayev deyir: - Vəziyyət olduqca ağırdır. Evlərdə soyuqdan əl-ayağımız donur. Meşələr dövlət tərəfindən üzümüzə bağlanıb, odun satışı isə məmurların nəzarəti altındadır. Bu insafsızlar da onu qaldırıblar ceyran belinə. Təqribən bir maşın odunu 500 manatdan hesablayır, bizdə qış sərt keçdiyinə görə aldığımız heç iki aya bəs etmir. 2000-ci ildə səs yayıldı kəndə qaz çəkilir... Məmurların verdiyi  yal vəd bizə baha başa gəlir. Soyuqlar başlananı kəndin işıqları da tez-tez sönür. Sözün qısası, sovet dağılanı kəndimizdə insanların yaşayışını heç kim düşünmür... Azərbaycan vətəndaşları olan bradililər hazırda  cəhənnəm əzabını çəkirlər.

Dzdipok Bradiyə qonşu kənddir. Bu dağ kəndi də unudulub. Belə ki, illərdir üst-üstə qalaqlanmış problemlər həllini tapmır. Dzdipoklular deyirlər ki, sovetlər dağılan kimi, bütün işıqlı günlərimiz əlimizdən alındı. “Müstəqillik”, “azadlıq” deyə-deyə bir qrup haramzadə  tərəfindən talanıb, onlara qul olduq. Sən demə, bu “azadlıq” məmurların eş-işrəti üçün imiş. Vaxtilə atla, ulaqla meşədən odun gətirib qışda evimizi rahat şəkildə isidib, isti soba ətrafında uzun qış gecələrini xoş keçirdərdik. Məmurların “müstəqilliyi” onu da ömrü boyu halal zəhmət çəkən, həmişə öz dövlətinə sadiq qalan kəndliyə çox bildi. İndi qazımız yox, bahalıq üzündən yanacaq oduna yaxın düşə bilmirik... Beləcə, dinamik inkişafı ilə bütün dünyanı heyrətə salan bir respublikanın vətəndaşı olsaq da, soyuqdan can verə-verə günləri sayırıq...

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin  üzvü

Peşə etikası

Son xəbərlər