07/02/2023 11:46
728 x 90

Qəbul və buraxılış imtahanlarının vaxtını dəyişmək xəbərləri ciddi narahatlıq doğurub...

img

Qəbul və buraxılış imtahanlarının əvvəlki illərlə müqayisədə daha tez keçirilə biləcəyi ilə bağlı yayılan məlumatlar tələbə olmağı hədəfləyən abituriyentlərdə, eləcə də təhsil ictimaiyyətində çaşqınlığa səbəb olub. İddia edilir ki, imtahanların qrafiklərinin dəyişdirilməsi stres yaradir.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə bu günlərdə media nümayəndələrinə açıqlamasında dedi ki, ali məktəblərə qəbul imtahanlarının cədvəli bu il dekabrın 15-dək elan olunacaq. İmtahanların vaxtları Elm və Təhsil Nazirliyi ilə razılaşdırılacaq.

Valideynlər hesab edirlər ki, şagirdlərin həssas dönəmində imtahan tarixlərinin dəyişdirilməsi ilə bağlı yayılan açıqlamalar onlara psixoloji təsir edə bilər.

  • Xanlar Xanlarzadə: “Növbəti ay ərzində müvafiq qrafik ictimaiyyətə təqdim olunacaq”

Dövlət İmtahan Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Xanlar Xanlarzadə bildirdi ki, imtahan tarixlərinin irəli və ya geri çəkiləcəyi ilə bağlı yayılan fikirlər doğru deyil: ”Ona görə də narahatlığa ehtiyac yoxdur. Növbəti ay ərzində müvafiq qrafik ictimaiyyətə təqdim olunacaq”.

  • Nadir İsrafilov: “Buraxılış və qəbul imtahanları ilə bağlı aparılan dəyişikliklər, imtahan müddətlərinin dəyişdirilməsi hamı tərəfindən birmənalı qarşılanmır”

Təhsil eksperti Nadir İsrafilov bildirdi ki, bu kimi dəyişikliklər təhsil alanlar, onların valideynləri, bütövlükdə təhsil ictimaiyyəti arasında müəyyən çaşqınlıq yaradır. “İstəsək də, istəməsək də razılaşmaq zorundayıq ki, təhsilin keyfiyyətinə nail olmağın əsas şərtlərindən biri də təhsilin bir sistem kimi oturuşmasıdır. Son zamanlar ali təhsilin hamı üçün əlçatanlığının təmin olunması əsas gətirilərək, test sisteminin artıq özünü doğrultmadığı iddiasında olanların, imtahanların sadələşdirilməsi və hətta ləğv olunması barədə fikir söyləyənlərin sayı durmadan artmaqda davam edir. Xüsusilə də buraxılış və qəbul imtahanları ilə bağlı aparılan dəyişikliklər, imtahan müddətlərinin önə və geriyə çəkilməsi ilə bağlı qrafiklər heç də hamı tərəfindən birmənalı qarşılanmır. O da aydındır ki, istənilən dəyişikliklə bağlı hər bir yanaşma proqram tələbləri və tədris materialının yüngülləşməsinə hesablanmalı olduğu kimi, imtahan prosesinin də sadələşməsinə və obyektivliyinə, təhsilin pillələri arasında uzlaşmanın yaradılmasına xidmət etməli olduğu halda, bu və ya digər variantın tətbiqi imtahan verənlərin hazırlıq səviyyəsinə və adaptasiya prosesinə heç də mənfi təsirsiz ötüşmür”.

Ekspert hesab edir ki, ali məktəblərə qəbul imtahanlarının cədvəlinin bu ilin dekabrın 15-dək elan olunacağı və imtahan vaxtlarının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılacağı ilə bağlı məsələyə də yanaşma birmənalı olmayacaq: “Kimlərsə hesab edəcək ki, keçən illə müqayisədə imtahanların önə çəkilməsi növbəti ildə ali məktəblərə qəbul prosesinin gecikməsinin qarşısını alacaq, digərləri isə hesab edəcək ki, ali məktəblərə qəbul imtahanları öncəki illərlə müqayisədə daha tez keçirilərsə, şagirdlər üçün mənfi tərəfi qısa vaxtda hazırlaşmaları olacaq. Bu mənada elm və təhsil naziri Emin Əmrullayevin media üçün keçirdiyi son brifinqdə vurğuladığı kimi, biz əzbərlənməli, əvvəldən həlli məlum olan məsələlərin öyrədilməsinə diqqət edirik. Biz qiymətləndirməni, qəbul imtahanlarının strukturunu dəyişdirmədən bu kimi problemləri aradan qaldıra bilməyəcəyik. Hesab edirəm ki, artıq təkpilləli vahid imtahan sisteminə keçidin zamanı gəlib çatıb”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər