Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq. Bu, “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, dəyişikliyə görə konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilir.
Qeyd edək ki, hazırda moped sürücülərinin sayının minlərlə olduğunu nəzərə alaraq, qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir.
Onu da bildirək ki, Baş Dövlət Yol Polisi idarəsinin məlumatına əsasən, bu prosesin asan və şəffaf keçirilməsi üçün xüsusi komissiya yaradılıb, mopedçilər üçün sürücülük vəsiqəsi (A1) imtahanlarının məzmunu sadələşdirilib.
Ekspertlər hesab edir ki, moped sürənlər üçün sürücülük vəsiqəsinin tələb olunması düzgün addımdır. Onların fikrincə, son illər moped idarə edənlərin sayı artıb. Yol-qəza hadisələrinin artmasının səbəblərindən biri də moped sürücüləridir. Bu səbəbdən də qeyd edilən nəqliyyat vasitəsi üçün sürücülük vəsiqəsinin tələb olunması təqdir olunur.
“Moped idarə edənlərin sürücülük vəsiqəsi olarsa və minik vasitəsinə dövlət nömrə nişanı verilərsə, o zaman onlar məsuliyyətlərini dərk edəcək”
Sosial sahə üzrə ekspert Elxan Əliyev bildirdi ki, əvvəllər Bakıda bu qədər moped yox idi. Olan mopedlər də yollarda rahat hərəkət edə bilirdi. Çünki avtomobil bu qədər çox deyildi: “30-40 il əvvəl olan mopedlərin mühərrik həcmi kiçik olsa da, onların sürətlənməsi zəif idi. Bu mopedlər maksimum saatda 60 km-lə hərəkət edirdilər. Lakin bu gün mopedlərin mühərrik həcmi kiçik olsa da, onların sürət həddi saatda 80-100 km-dir. Mopedlərin belə sürətli olması sürücünün daha məsuliyyətli olmasını tələb edir. Belə mopedlər qəzaya uğradığı zaman daha ağır faciələr, ağır xəsarətlər, ölüm baş verə bilir. Bu səbəbdən də mopedlərin idarə edilməsi üçün sürücülük vəsiqəsi tələb edilməsi düzgün qərardır. Bəllidir ki, bu gün moped sürücüləri heç bir məsuliyyət daşımırlar. Moped idarə edənlərin sürücülük vəsiqəsi olarsa və minik vasitəsinin dövlət nömrə nişanı verilərsə o zamanlar onlar məsuliyyətlərini dərk edəcək. Beləliklə, bu nəqliyyt vasitələrini idarə edənlər daha məsuliyyətli olacaq”
Günel CƏLİLOVA