Masallıda “Erkən nikahlara yox deyək !” silsilə tədbirlərə start verilib. Növbəti belə tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyi, Masallı Qadın Resurs Mərkəzi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı sayəsində baş tutdu. Kollecdə təşkil olunan maarifləndirici tədbirə tələbələr, onların valideynləri və müəllimlər qatılmışdı.
Tədbir Vətən torpaqların azadlığı uğrunda can qoyub şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmaqla başlandı. Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova giriş sözü ilə tədbiri açıb və müasir dövrümüzün ən aktual problemi olan erkən nikahın qızlarda yaratdığı fiziki və psixoloji fəsadlardan, təhsildən yayınma hallardan danışdı. Masallı Qadın Resurs Mərkəzinin rəhbəri Nərgiz Muxtarova çıxışında erkən nikahın səbəblərə, fəsadlara, erkən nikaha məcbur edilən qızların gələcək ailə həyatlarında yaranan çətinliklərə, psixoloji vəziyyətlərinə göstərdiyi mənfi təsirlərə toxundu və gənclərə bu kimi mənfi hallardan uzaq olmağı məsləhət gördü. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva gənclərə erkən nikahın fəsadları, belə hallarla rastlaşanda müraciət edəcəyi qurum və platformalar haqqında ətraflı məlumat verdi. Erkən nikaha cəlb olunmuş şəxslərin qarşılaşdığı problemlərdən, hüquq pozuntulardan söhbət açan Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov həm də, erkən nikah hallarının acı səbəblərini video-çarxlar vasitəsi ilə gənclərin diqqətinə çatdırdı. Psixoloq Fərrux Əliyev erkən nikahın insanlarda yaratdığı psixoloji pozuntulardan, stereotiplərin təsirindən, fəsadların aradan qaldırılması hallardan danışmaqla bərabər, gənclərin mövzu ətrafında suallarına da cavab verdi. Valideyn İlqar Qarayev tələbələrə elmə, təhsilə, peşəyə maraq göstərməsini, valideynlərə isə övladlarının sağlamlığını düşünməyi, hətta nikah yaşında belə onların fikirlərini dinləməyi tövsiyə etdi.
Söz tələbələrə çatanda Fatimə Həmidova, Aysun Sadıqova, Səbinə İbrahimli təhsildən, ölkədə gənclər üçün yaradılan imkanlardan söz saldılar, tələbə yoldaşlarını isə bunlardan yararlanmağa, erkən nikahın qurbanı olmamağa çağırdılar.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü