Rüşvət qalmaqalına görə töhmətlənmiş müəllimə yenidən vəzifə?..

Elçin Əfəndi: “Həmin şəxsin yenidən rəhbər vəzifəyə təyin olunması o deməkdir ki…”

img

Xəbər verildiyi kimi, Bakının 34 nömrəli tam orta məktəbinə (523 şagird yerlik) yeni direktor təyin olunub. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Qeyd edək ki, bu vəzifəyə Axundova Nəcibə Novruz qızı təyin edilib. O, əvvəllər Bakı şəhəri 45 nömrəli tam orta məktəbin (1300 şagird yerlik) direktoru işləyib. Xatırladaq ki, bir müddət əvvəl N.Axundovanın rüşvət istəməsi ilə bağlı səs yazısı yayılmışdı.

Ötən ay BŞTİ açıqlama yayaraq bildirib ki, Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktorunun bir müddət öncə ictimailəşən səs yazıları və məktəbin pedaqoji kollektiv üzvlərinin müvafiq instansiyalara müraciəti əsasında aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin rəhbəri Nəcibə Axundovaya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Maraqlıdır, rüşvət üstdə töhmət alan bir direktorun başqa bir təhsil ocağına direktor təyin edilməsi nə dərəcədə düzgündür?

  • “Bu gün korrupsiyaya yol verilirsə, vəzifə səlahiyyətlərindən sui-istifadə edilirsə, həmin şəxsə heç bir status verilməməlidir”

Təhsil eksperti Elçin Əfəndi bildirdi ki, korrupsiyaya bulaşmış və ya haqqında inzibati qaydada tədbir alınmış hər hansı bir məktəb rəhbəri, dövlət qulluqçusunun yenidən vəzifəyə təyin olunması düzgün deyil: “Məlumdur ki, yeni vəzifəyə təyin olunan şəxs bundan öncə Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktoru olub. Onun məktəbə qəbul edilən şagirdlərin valideynlərindən pul tələb etməsi ilə bağlı səs yazısı yayıldı. Həmçinin Axundova sinif rəhbərliyi verilən müəllimlərdən də 1000 manat pul istəyib. Bunun nəticəsində Bakı Şəhər Təhsil İdarəsi ona Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən töhmət verdi və vəzifəsindən azad olundu. Həmin şəxsin yenidən rəhbər vəzifəyə təyin olunması o deməkdir ki, bəziləri Azərbaycan qanunlarını heçə sayır. Bu gün korrupsiyaya yol verilirsə, vəzifə səlahiyyətlərindən sui-istifadə edilirsə, həmin şəxsə heç bir status verilməməlidir”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər