66 sosial şəbəkə profili taksi sürücüsünün nəyinə lazımdır...

Bakıda taksi sürücülərinə qarşı keçirilən əməliyyat zamanı saxlanılan taksi sürücülərindən birinin başqa-başqa adlar altında sosial şəbəkə profilləri aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir.
Bildirilir ki, araşdırmalarla həmin şəxsin müxtəlif məqsədlər üçün açılan feysbuk üzrə 44 profili, 6 səhifəsi, 4 TikTok hesabı, 12 Instagram profili olması müəyyən edilib.
Maraqlıdır, taksi sürücüsü 66 sosial şəbəkəni nə məqsədlə açıb?
- “Bu gün bəzi şəxslər internetdən ifrat dərəcədə asılıdır, internet asılılığı psixoloji xəstəlikdir”
Psixoloq Könül İsmayılova bildirdi ki, elə dövrdə yaşayırıq ki, internet, sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib: “Çünki insanlar özlərini bir an belə sosial mediadan kənarda təsəvvür edə bilmirlər. Demək olar ki, bütün işlərimiz sosial media platformalarına daşınıb. İstər adi ünsiyyət, istərsə də media fəaliyyəti sosial media üzərindən həyata keçirilir. Yəni insanlarla coğrafi yerləşimindən asılı olmayaraq əlaqə saxlaya bilir, çevik şəkildə fikirlərimizi paylaşa bilirik. Ancaq bu gün bəzi şəxslər internetdən ifrat dərəcədə asılıdır. Internet asılığı psixoloji xəstəlikdir. Taksi sürücüsü, bərbər və digər peşə sahibləri də sosial şəbəkəyə maraq göstərir. Elə şəxslər var ki, daha çox izləyici əldə etmək üçün bir çox səhfələr açır. O səhfələr sayəsində öz paylaşımlarını bəyənir və kəşfedə düşür. Beləliklə, digər izləyicilər həmin profilin paylaşımlarının bəyənildiyini görüb, ona dostluq göndərir. Ancaq bunu edən şəxs öz səhfəsini başqa cür də tanıtdıra bilər. Maraqlı paylaşımlar etməklə sosial şəbəkə izləyicilərinin diqqətini cəlb edə bilər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, sosial şəbəkənin müsbət tərəfləri ilə birgə mənfi tərəfləri də var. Sosial şəbəkəyə həddən artıq aludə olmaq, günün bir çox hissəsini orada keçirmək ilk öncə insan əsəblərinə ziyan olmaqla yanaşı, onlarda aqressivlik, səbrsizlik və hər kəslə kobud davranışlara gətirib çıxarır.
Günel CƏLİLOVA