Dini ianələrin özbaşına mənimsənilməsi hallarına hələ də son qoyulmayıb...

Azərbaycandakı məscid və ziyarətgahlarda quraşdırılan nəzir qutularına yığılan pulların hara xərcləndiyi dəfələrlə müzakirə mövzusu olsa da, hələ bu haqda tam məlumat açıqlanmayıb. Toplanan ianələrin hara sərf olunması məsələlərində din xadimlərinin şəffaflıq yaratmaları onların Allah qarşısında bir vəzifəsidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bu günlərdə media nümayəndələrinə açıqlamasında qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdəki məscidlər fəaliyyətini tam bərpa edəndən sonra ianələrlə bağlı yəqin ki, müəyyən tədbirlər görüləcək: “Dini ianələrin özbaşına sərf olunması və dağıdılmasının qarşısı alınacaq. Beləliklə də məqsədəuyğun şəkildə həmin vəsaitlər istiqamətləndiriləcək”.
Maraqlıdır, dini ianələrin özbaşına sərf olunmasının qarşısı necə alınacaq? Ümumiyyətlə, bugünə qədər bu prosesə niyə nəzarət edilmirdi?
“Əvvəllər Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətində olduğu üçün, onlar da orta əsrlər qanunlarına əsasən işlədikləri üçün nəziri, ianəni taladılar, yedilər”
Ilahiyyatçı Tural İrfan bildirdi ki, ianələrin indiyə qədər özbaşına sərf olunması Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən asılı deyildi: “O idarəyə təzəlikcə verilib bu səlahiyyətlər. Əvvəllər Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətində idi. Onlar da orta əsrlər qanunlarına əsasən işləyidikləri üçün nəziri, ianəni taladılar, yedilər. Günah da camaatın özündə idi ki, verdikləri nəzirin hara getdiyini bilə-bilə aparıb nəzir verirdilər.
İndi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi bu işləri nizama salacaq. Doğrudur, yeyinti yenə də olacaq. Amma əvvəlki qədər ola bilməz. Gecikmə səbəbi də odur ki, bu proses uzun zaman tələb edən məsələdir. Ölkədə kifayət qədər ianə toplanan məscidlər, ocaqlar var. Nizama salınandan sonra yəqin ki, hesabat da veriləcək. Əvvəlki kimi qaranlıq yerlərə xərclənməz bu dəfə”.
T.İrfan hesab edir ki, məscidə, pirə nəzir vermək indiki dövrdə lazım deyil. Aclar, kasıblar, ehtiyacı olanlar hamısı bəllidir. Kim kömək etmək istəyirsə aparıb birbaşa özü versin. Yoxsa ocaqlara, pirlərdə verilən pulun ehtiyacı olan insanlara çatması nümunəsi dünyanın heç bir müsəlman ölkəsində yoxdur: “Məkkə, Mədinədə toplanan qurban ətlərini Somalidə acından ölənlərə vermirlər, zibilliyə atırlar. Kərbəlada, Nəcəfdə toplanan pulları ali ruhanilər yeyir. Məşhəddə toplanan nəzrirlərin pulunu terror təşkilatının inkişafına sərf edirlər. Bu yaxında da oranın müdirləri ziyarətin nəzir qutusunu yarıb milyonlarla pulu oğurladılar.
Yəni məscidə, pirə nəzir verməyi tərgitmək lazımdır. Nədir? Allaha rüşvət veririk ki, al bu pulu mənim filan işimi həll elə? Əstəğfürullah”.
Günel CƏLİLOVA