Dağlar diyarı Yardımlı rayonu həmişə öz qəhrəman övladları hesabına yaxşı ad qoyub. Vətən müharibəsində canı bahasına qəhrəmanlıq salnaməsini yazaraq xalqımıza şanlı qələbə sevinci yaşadan minlərlə qeyrətli oğullar sırasında Yardımlı gəncləri də vardır. Azərbaycanın bütövlüyü uğrunda müharibə meydanında son nəfəsinə qədər döyüşüb şəhidlik zirvəsinə ucalan Şamil Mirzəyevin və Siruz Şirbəylinin adları indi bu dağlar diyarında böyük qürurla çəkilir. Öz şərəfli ölümləri ilə millətinə başucalığı gətirən, milyonların ürəyində əzəmətli abidə ucaldan hər iki şəhidin əziz xatirəsi ehtiramla anılıb.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, aparatın məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və Birinci, İkinci Qarabağ müharibəsi veteranların qatıldığı mərasim iştirakçıları şəhidlərin məzarlarına baş çəkib, ehtiram əlaməti olaraq onların uyuduğu müqəddəs yerdə təzə güllərdən çələng hörüblər.
Çıxışlarda Vətəni canında üstün tutan şəhidlərin şərəfli ömür və döyüş yolundan, odlar yurdu, dahilər beşiyi Azərbaycanımızın ərazi bütövlüyü uğrunda gedən 44 günlük haqq savaşımızda göstərdikləri şücaətdən, eləcə də Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun qazandığı qələbədən, bu zəfərin tarixi əhəmiyyətindən danışıblar. O, da bildirilib ki, Vətən müharibəsi bizim şanlı tariximiz, onu qazananlar isə qürur mənbəyimizdir. Şəhidlərin ömür yolları nə qədər qısa olsa da, gələcək nəsillərimiz üçün örnək olacaq bir tarix yazıblar. Odur ki, xalqımız var olduqca, şəhidlər də xatırlanar...
Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsinə daim ehtirama görə hər kəsə minnətdarlıq ediblər.
Şəhid Şamil Mirzəyevin döyüşdə göstərdiyi şücaət ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şücaətə görə”, Füzulinin, Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığına görə medallarla təltif edilib. Vətən sevdalı Siruz Şirbəyli isə “Vətən uğrunda”, “Xocavəndin, Şuşanın azadlığına görə medallara layiq görülüb.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü