Paytaxt və regionlarda fəaliyyət göstərən bir neçə hazırlıq mərkəzində mütəmadi olaraq müxtəlif problemlər yaşanır. Hazırlıq kurslarında hər ay keçirilən sınaq imtahanı biletlərinin baha olması abituriyentləri, eləcə də valideynləri narahat edən məsələlərdən biridir.
Qeyd edək ki, hazırlıq kurslarının təklif etdiyi biletlərin qiyməti 18-20 manat arasında dəyişir. Bu qiymət həm abituriyentlərin, həm də valideynlərin narazılığına səbəb olur. Qiymət yüksək olanda abituriyentlər hər ay sınaq imtahanında iştirak edə bilmir.
“Sualların tərtibi ilə məşğul olan müəllim və texniki işçilərə də o qədər yüksək əmək haqqı ödənilmir”
Təhsil eksperti Nizami Hüseynov bildirdi ki, kursların fəaliyyəti, onlar tərəfindən sınaq imtahanlarının keçirilməsi ümumitəhsil məktəblərinin lazım olan vəzifəni tam yerinə yetirməməsindən irəli gəlir. İstər regionlarda, istərsə də Bakıda kursların sınaq imtahanlarının qiyməti Dövlət İmtahan Mərkəzinin sınaq imtahanlarının ödəniş məbləğindən baha deyil, təqribən eyni qiymətdir. Ümumitəhsil məktəblərinə şərait yaradılmalı, onlar üçün bank hesabı açılmalıdır. Kurslarda çalışan müəllimlər,həmin məktəblərdə işləyən müəllimlərdir. Artıq Təhsilin İnkişafı Fondu da yaradılıb. Düşünürəm ki, ayda bir, yaxud, iki dəfə məktəblərə sınaq imtahanı keçirmək imkanı yaradılarsa, nəticədə toplanan vəsait birbaşa məktəbin öz hesabına köçürülərsə qiymətlər daha münasib olar. Bu həm gəlir əldə etmək baxımından məktəb üçün faydalı olacaq, həm də valideynlər kurslara deyil məktəbin özünə müraciət etmiş olacaqlar. Bu səbəblə məsələyə sistemli yanaşmaq lazımdır”.
Ekspert hesab edir ki, sınaq imtahanlarının qiymətinin yüksək olması düzgün deyil: “İmtahanlarda istifadə edilən kağızlar, digər çap xərcləri təxminən 1-1,50 manat civarındadır. Buna baxmayaraq, bir sıra kurslar imtahanları yüksək qiymətə təşkil edir. Belə olan halda kurslar daha çox qazanc əldə edirlər. Halbuki o sualların hazırlanmasına bir o qədər xərc tələb olunmur. Sualların tərtibi ilə məşğul olan müəllim və texniki işçilərə də o qədər yüksək əmək haqqı ödənilmir.
Onu da deyim ki, hazırlıq kursları yalnız ay ərzində keçirilən mövzular üzrə imtahanlar təşkil edirlər, yəni tam hamısını əhatə etmir. Belə olan halda isə, hazırlıq kursları hər ay biri blok, digəri buraxılış imtahanı olmaqla iki dəfə imtahan keçirilər. Bir şagird bu imtahanların ikisində də iştirak etmək istəsə, hər ay minimum 20, maksimum 30 manat məbləğində ödəniş etməlidir. Yaxşı olar ki, hazırlıq kursları burada vətəndaşların vəziyyəti nəzərə alınsın, burada minimal məbləğ 5 manata endirilsin”.
Günel CƏLİLOVA