Cənub bölgəsində rənglər dünyası ilə tanınan, sevilən fırça ustası Nəcəf Məmmədov dağlar diyarında qərar tutan Lerik şəhərində yaşayır. Artıq rəssamlıq sənətində onun öz yeri vardır.
Lerikdə, Lənkəranda, Bakıda, Moskvada keçirilən bir çox sərgi və müsabiqələrdə, eləcə də Amerika, Almaniya, Misir və digər xarici ölkələrdə keçirilən Beynəlxalq Virtual Sərgilərdə dəfələrlə qalib adını qazanıbdır. On beşdən çox müxtəlif sərgidə sertifikat və diplomlara layiq görülüb. Beynəlxalq Rəssamlar Birliyinin üzvüdür. İndi rəssamın şəxsi emalatxanasında üç minə yaxın sənət əsəri var. Ustad rəssam böyük həvəslə, işgüzarlıqla fərdi yaradıcılıqla məşğul olur.
Bu günlərdə Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Lənkəran Şəhər Mədəniyyət Mərkəzində ustad rəssamın fərdi yaradıcılıq sərgisi açılıb. Tədbirdə əvvəlcə Vətən torpaqların azadlığı uğrunda canını qurban verən qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra çıxış edən Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov görkəmli rəssamın həyat və yaradıcılığı haqqında ətraflı danışıb. Əsərlərində Azərbaycanın zəngin tarixini, mədəniyyətini, yurdumuzun əsrarəngiz gözəlliyini, dağlar diyarının ecazkar mənzərələrini yeni üslubda, orijinallıqla, parlaq boyalarla göstərən fırça ustasına yeni yaradıcılıq uğurları arzulayıb.
Şəhid atası, şair, Lerik Dövlət Rəsm Qalereyasının direktoru Mükafat Yaqubov rəssamın özünəməxsus, zəngin yaradıcılığından söhbət aşmaqla onu da bildirib ki, Nəcəf Məmmədov şair təbiətli rəssamdır. Sənətkar sanki öz daxili gözəlliyini, poetik aləmini fırça ilə tablo üzərinə köçürür.
Söz rəssam Nəcəf Məmmədov çatanda o, yaradıcılıq planlardan danışıb, incəsənət ustalarına göstərilən diqqətə və qayğıya görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov rəssamlıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Nəcəf Məmmədova Fəxri fərman verib.
Tədbir görkəmli sənətkarın portret, təbiət mənzərələri və dekorativ kompozisiyalardan ibarət 50-dən çox rəsm əsərinin nümayiş ilə tamamlanıb.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü