Məlumdur ki, noyabrın 16-dan 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayıb. Payız tətili 16-20 noyabr tarixlərini əhatə edir.
Bu müddət ərzində nə təhsil alan, nə də təhsil verən məktəbə getməlidir. Ancaq belə bir məlumat yayılıb ki, məktəb direktorları müəllimləri məcburi məktəbə çağırır. Onları tətil müddətində məcburi məktəbdə olmağa vadar edir. Bu isə müəllimlərin narazılığına səbəb olur. Müəllimlər qeyd edir ki, artıq bir neçə ildir tətil müddətində məktəb direktorları onları səhər saat 09:00-dan 13:00-a kimi məktəbdə olmağa vadar edir.
Məlumat üçün bildirək ki, bu gün ölkənin 4447 orta ümumtəhsil məktəbində 142 min müəllim çalışır. Onların 37%-i 60 və daha çox yaş həddi arasında olanlardır. Qanunvericiliyə görə, tətil müddəti istər yaşı 60, istərsə də 25 olan bütün tədris işçiləri üçün tətil hesab edilir.
Maraqlıdır, tətil günlərində müəllimlərin məktəbə çağırılması nə qədər düzgündür?
“Heç bir halda məktəb direktorları müəllimləri tətil günlərində məktəbə çağırmamalıdır”
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, tətil günlərində müəllimləri məktəbə çağırmaq yolverilməzdir: “Müəllimlik vəzifə deyil, peşə hesab olunur. Təəssüf ki, qanunvericilikdə bu yöndə boşluq var. Təhsil sahəsində çalışan müəllimlərlə bağlı ayrıca yanaşma olmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, tam ştatda çalışan işçilər 8 saatlıq iş rejimində çalışdıqları müəssisədə olmalıdır. Lakin bu hal müəllimlərə şamil edilmir. Müəllimin vəzifə öhdəliyi tədrisin aktiv olduğu müddətdə dərsdə iştirak etməkdir. Heç bir halda məktəb direktorları müəllimləri tətil günlərində məktəbə çağırmamalıdır. Direktor, direktor müavini, təsərrüfat hissə müdiri – bunlar tədrislə məşğul olmayan vəzifə sahibidirlər. Tətil günlərində məktəbə onlar gəlməlidirlər. Birmənalı olaraq, birbaşa tədrisə bağlı olan fəaliyyət – jurnal yazmaq, şagirdlərin texniki işlərini icra etmək və s. hallar istisna olmaqla, digər proseslərə görə müəllimi məktəbə cəlb etmək qanunsuzdur”.
Günel CƏLİLOVA