Bu il noyabrın 1-nə Azərbaycanda qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə istifadə edilən istilik və isti su xidmətlərinə görə 6 489,4 min manat ödənilməmiş borc olub. Bu barədə “Azəristiliktəchizat” ASC məlumat yayıb.
Məlumatda qeyd edilir ki, bəzi yaşayış binalarında və keçmiş məcburi köçkünlər üçün tikilib istifadəyə verilmiş çoxmənzilli yaşayış komplekslərində ödəniş səviyyəsi ürəkaçan deyil: “Məsələn, sözügedən rəqəmlər Nəsimi rayonu, Topçubaşov küçəsi, 23a ünvanında 20,7 %, Xətai rayonu, Telnov (Lütfizadə) küçəsi, 7 ünvanında 19 %, Sabunçu rayonu, 4094-cü məhəllə, bina 6 ünvanında 5,4 % Suraxanı rayonu, Hafis Quliyev küçəsi, 22 ünvanında 10,1 %, Yasamal rayonu, Parlament prospekti, 1 ünvanında 11,6 % Yasamal rayonu, Zahid Xəlil küçəsi, 17 ünvanında 17,8 %-dir”.
Maraqlıdır, məlum borcun yaranmasına səbəb nədir və bu borc hansı formada bağlanacaq?
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən bildirildi ki, Prezidentin 23 yanvar 2017-ci il 1206 nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 60 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib: “Bu məbləğ təbii qaz, elektrik enerjisi, istilik, su və məişət tullantıları ilə bağlı xərclərin məcburi köçkünlər tərəfindən ödənilməsi üçün nəzərdə tutulub. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün istifadəyə verilmiş qəsəbələr və yaşayış komplekslərində onların istifadə etdikləri kommunal xidmətlərə görə vəsait aidiyyəti dövlət qurumları tərəfindən yığılır. Kommunal xidmətlərdən istifadəyə görə vəsaitlərin yığılması Dövlət Komitəsinin səlahiyyətləri xaricindədir”.
Günel CƏLİLOVA