Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı sayəsində növbəti tədbir universitetin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kollecdə baş tutdu. "Narkomaniya ilə mübarizədə polis, valideyn, müəllim qrupları ilə birgə" adlı tədbirdə Şəhər Gənclər və İdman idarəsinin rəis müavini Sadiq Həmidov, Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşı, ictimai birliyin üzvləri, kollecin direktoru Leyla İbrahimova, müəllim və 120 tələbə iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru Leyla İbrahimova bildirdi ki, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya insan həyatında sağalmaz fəsadlar yaradır. Narkomaniya bütün bəşəriyyətin ən dəhşətli bəlasıdır. Hər birimiz ona qarşı mübarizədə fəal olmalıyıq. Çünki bu, vətəndaş olaraq bizim məsuliyyətimizdir. Bu sahədə düzgün maarifləndirmə işlərinin aparması vacibdir. Ən əsası gənclər narkomaniyanın nə qədər zərərli, təhlükəli olduğunu aydın şəkildə bilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” nın otuz səkkiz bəndi məhz maarifləndirmə məsələlərdən ibarətdir.
Çıxışlara başlayan digər natiqlər də əsrin bəlası kimi bütün dünyanı narahat edən, ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə izahat işlərinin daim görülməsi indiki zamanda çox önəm daşıdığını, bu sahədə tədbirlərin müntəzəm aparmasını, eləcə möhkəm qanunvericilik bazasının fəaliyyətini dilə gətirdilər, deyilənlərin əhəmiyyətinə toxundular. Gənclərimizi hər zaman ayıq-sayıq olmağa, istismara məruz qalmamağa, bu təhlükədən uzaq olmağa çağırdılar. Eyni zamanda tələbələr asudə vaxtlarının səmərəliliyi üçün Gənclər və idman idarəsində könüllük fəaliyyəti, müxtəlif məşğələlərdə, elmi-praktiki konfranslarda, müsabiqələrdə, tədris-təlim proqramlarında, narkomanlığın sağlamlığa mənfi təsiri ilə bağlı mövzulara aid tədbirlərdə, kütləvi idman yarışlarında iştirakı və boş vaxtlarını daha çox idmanla keçirmək tövsiyə olundu.
Tədbir zamanı həm də tələbələrin verdiyi bütün suallara ətraflı cavab verildi. Sonda isə mövzu ilə əlaqədar video-çarx nümayiş etdirildi.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü