Qida məhsullarının etiket məlumatları (markalama) ilə bağlı yeni tələblər müəyyənləşib. Yanvarın 1-dən bu tələblər qüvvəyə minəcək. “Qida təhlükəsizliyi haqqında” Qanuna əlavə edilmiş yeni qaydalara əsasən, məhsulun etiketi üzərində həmin qida məhsuluna xas olmayan təsir və ya xassələr göstərilməməlidir. Çünki qida məhsulu üzərində yanlış məlumatların yerləşdirilməsi istehlakçıların aldadılması, dolayısı ilə onların hüquqlarının pozulması ilə nəticələnə bilər.
Məsələn, qida məhsullarına “müalicəvi”, “pəhriz” kimi adların verilməsi qadağan olunacaq. Belə ki, hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatların verilməsi və ya bu cür təəssürat yaradan ifadələrin qeyd edilməsinə yol verilməyəcək.
Maraqlıdır, bu prosesə necə nəzarəət olunacaq? Ümumiyyətlə, bu qanun qida sektoruna necə təsir edəcək?
“Məhsulların üzərindəki məlumatlara görə, rəsmi kağız verilməlidir, ciddi məsələlərdən biri markalanmadır”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qeyd etdi ki, məhsulun üzərində yazılan məlumatlar insanları aldadır: “Yeyinti məhsulları ilə bağlı qanunda yazılıb ki, qida məhsulları necə markalanmalıdır. İstehsalçılar istehlakçıları aldatmaq üçün müəyyən çağırışlar yazırlar. Buna da heç kəs nəzarət etmir. Üzərinə yazırlar ki, pəhriz üçündür, bu xəstəliklərə xeyir edir. Darçın məhsulunun üzərində yazılıb ki, 13 xəstəliyi müalicə edir. Çağırışlarla istehlakçıları aldadırlar. Dükanlarda ayrıca diabet taxçaları olur. Orada diabetə zərər edən mallar satılır. Üzərinə yazılır ki, diabetə xeyirdir. Bütün bu məsələlər həll olunacaq”.
Ekspert onu da əlavə etdi ki, məhsulların üzərindəki məlumatlara görə rəsmi kağız verilməlidir: “Ciddi məsələlərdən biri markalanmadır. Xaricdən gətirilən malların qutularda satılması da doğru deyil. İstehlakçıların aldadılmasına gətirib çıxarır. Kolbasaların üzərinə yazılır ki, içərisində donuz əti yoxdur. Ancaq üstündə yazılanla tərkibi eyni olmur. Yeni qanuna əsasən markalanma ciddi şəkildə nəzarətə alınacaq. Əslində, məhsulun üzərindəki yazılar üçün rəsmi kağız verilməlidir. Məhsulla bağlı eksperiment aparılmamış malların üzərinə məlumat yazılmasının qarşısı alınacaq. Bugünə qədər çoxu qeyri-rəsmi olub. Xüsusən, İran mallarında problem yaşanır”.
Günel CƏLİLOVA