Maarifləndirici görüş şəhid Rafiq Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbdə baş tutdu. Onun təşkilatçıları isə Rayon İcra Hakmiyyəti və Polis Şöbəsi idilər.
Ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomaniya əleyhinə aparılan işlərdən danışan Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev dedi:- İnsan həyatını məhvə doğru apran narkomaniya hər zaman diqqət mərkəzindədir, buna qarşı məqsədyönlü tədbirlər həyata keçirilir. Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq, əməliyyat-texniki tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı görüşlər təşkil olunur. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin aparılması çox əhəmiyyətlidir. Bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə maarifləndirmə işləri müntəzəm keçirilir, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin, eləcə dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır.
“Erkən nikaha daxilolma kimi neqativ hallar ağır nəticələr törədir, yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olur. Rayonda vaxtaşırı olaraq aidiyyatı təşkilatlarla birgə ərazilərdə, təhsil müəssisələrində bu mövzuda maarifləndirici tədbirlər görülür. Erkən nikahlar barədə məlumatların operativ araşdırılması, neqativ halların baş verməməsi üçün hüquq-mühafizə orqanları ilə birgə ciddi tədbirlər davam edir. Pis vərdişlərdən uzaq düşmək üçün gənclərin, xüsusilə qızların təhsilə cəlb olunması çox vacibdir. Artıq bunun gözəl nəticələri bizim rayonda özünü göstərir. Belə ki, 2021-2022-ci tədris ilində rayon üzrə ali təhsil məktəblərinə sənəd verən 308 nəfər qızın 52 nəfəri 500-700 bal toplayıb”. Bu fikirləri Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siysi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafaova söylədi.
Masallı Təhsil Sektorunun müdiri Qoşqar Hətəmov isə çıxışında təhsil sahəsində aparılan islahatlar çərçivəsində rayonda məktəblilərin, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili yönümündə həyata keçirilən tədbirlərdən danışdı.
Tədbirdə narkomaniyanın törətdiyi fəsadlardan bəhs edən maarifləndirici video-çarx nümayiş olundu, məktəbliləri mraqlandıran suallara cavab verildi.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü