“Hazırda Azərbaycanda 960-dan çox məktəb yararsız və ya qismən yararsız vəziyyətdədir. Həmin məktəblərin təmiri və ya tikintisi üçün təxminən 3 milyarddan artıq vəsait lazımdır”. Bunu elm və təhsil nazirinin müavini İdris İsayev deyib.
Onun sözlərinə görə, təbii ki, təmir işləri daim mərhələli şəkildə həyata keçirilir. Həm Elm və Təhsil Nazirliyi, həm də Heydər Əliyev Fondu tərəfindən hər il, təxminən, 100-dən çox məktəb ya təmir olunur, ya da yenidən inşa edilir: “Bu məsələ daim diqqət mərkəzində saxlanılır və prioritet istiqamətlərdəndir”.
Qeyd edək ki, məktəblərin təmiri üçün hər il dövlət tərəfindən müəyyən məbləğdə vəsait ayrılır. Buna baxmayaraq, əksər orta ümumtəhsil müəssisələri hələ də istifadəyə yararsız haldadır.
“Təxminən 1000-ə yaxın məktəbin əsaslı təmirə ehtiyacı var, xüsusilə də ucqar kəndlərdə bu tip təhsil ocaqlarına daha çox rast gəlinir”
Təhsil eksperti Nizami Hüseynov qeyd etdi ki, hələ də təmirsiz, istifadəyə yararsız məktəblər var. Dövlət başçısı tərəfindən prioritet məsələ kimi məktəb tikintiləri əsas götürülsə də, təəssüf ki, nazirlik tərəfindən bu istiqamətdə işlər ləng aparılır: “4430 məktəb mövcuddur, amma onlardan təxminən 1000-ə yaxının əsaslı təmirə ehtiyacı var. Xüsusilə də ucqar kəndlərdə bu tip təhsil ocaqlarına daha çox rast gəlinir. Dövlət bununla bağlı müvafiq proqramlar həyata keçirir. Hər il ölkə başçısının sərəncamı ilə modul tipli məktəblər tikilir. Bu modul tipli məktəblər ən azından təmirsizlər bərpa olunana kimi istifadəsi mümkündür. Həmçinin modul tipli məktəb formasında tədrisin davam etdirilməsi nəzərdə tutulur”.
Ekspertin sözlərinə görə, nazirlik müvafiq olaraq bəzi layihələrin həyata keçirilməsi üçün vəsaitlər ayırır: “Təəssüf ki, bu tip kateqoriyya aid olan məktəblərin təmirinə biganə yanaşılır. Şagirdlərin dərs oxumaq imkanları daha da yaxşılaşdırılmalıdır.Tədrisin təşkili və reallaşdırılmasına uyğun daha çox təhsil ocaqları olmalıdır. Onlar istilik sistemi ilə təmin olunmayan, əlverişsiz imkanlara malik siniflərdə təhsilini davam etdirə bilməyəcək. Bütün bunları müvafiq qurumlar nəzərə almalıdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, tədris ili başlayana qədər təmirsiz, dağılmış məktəblər restavrasiya olunmalı idi. Eyni zamanda onların əvəzinə yeni məktəblər tikilməlidir.
Günel CƏLİLOVA