Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Trend-in məlumatına görə, hakim Nural Əliyev sədrliyi ilə keçirilən hazırliq iclasında ilkin dinləmələr keçirilib.
Prosesdə sabiq icra başçısı barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb. Məhkəmədə Alimpaşa Məmmədovun Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasından Pentensiar Xidmətin təcridxanasına köçürüldüyü məlum olub.
İş üzrə baxış iclası noyabrın 24-nə təyin olunub.
Xatırladaq ki, Alimpaşa Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İş üzrə ibtidai istintaq bitarək baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.