“Əvvəl Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanından keçən müəllimlərin beş il ərzində sertifikasiyaya cəlb olunmayacaqları müəyyən edilmişdi. Daha sonra bu müddətin azaldılması təklif edildi və biz hazırda o təklif üzərində çalışırıq”. Bunu Elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin efirində yayımlanan “45 dəqiqə” verilişində qeyd edib.
Nazir həmin müddətin azaldılmasının gözlənildiyini bildirib: “Amma prosesin keçirilmə qaydası olduğu kimi qalır, həmin qaydanın dəyişməsi zaman alar. Sertifikasiya həm müəllimlərin bilik bacarıqlarının qiymətləndirilməsi, həm differensial əməkhaqqıya keçid, həm də müəyyən mənada müəllimlərin işəqəbulu prosesinin təkmilləşdirilməsidir. Bu mənada həmin islahatın yerinə yetirilməsi üçün 5 illik müddətin bizə lazım olduğunu düşünürük”.
Qeyd edək ki, təhsilin səviyyəsinin müəllimin səviyyəsindən asılı olduğu qənaətinə əsas verəcək sertifikatlaşdırmada əsas hədəf müəllimlərin səviyyəsinin artırılmasıdır. Məhz bunun nəticəsidir ki, bundan sonra hər 5 ildən bir təhsilverənlərin sertifikasiyası keçiriləcək. Bildiyimiz kimi, əmək qanunvericiliyinə əsasən idarə, müəssisə və təşkilatlarda çalışan şəxslər 5 ildən bir attestasiyadan keçirlər. Bu məsələ ümumtəhsil müəssisələrində sertifikasiyadan keçmə ilə əvəz olunur. Sertifikasiyada müəllimlərin öz sahəsinə uyğun bilik və bacarıqlarının qiymətləndirilməsi, nəticələrə əsasən karyera inkişafı nəzərdə tutulur.
Maraqlıdır, müəllimlərin sertifikasiya ilə bağlı verilən 5 il müddətinin azaldılması qərarı nə dərəcədə düzgündür? Müəllimlərin davamlı imtahan prosesinə cəlb edilməsi bu sahəyə marağın azalmasına səbəb olmayacaqmı? Qeyd edək ki, rəylər müxtəlifdir.
“Sertifikasiya müddətinin azaldılması düzgün deyil, mütəmadi olaraq insanların imtahanlarda iştirak etməsi onların normal həyatına…”
Təhsil üzrə ekspert Kamran Əsədov bildirdi ki, mövcud qanunvericilikdə Müəllimlərin İşə Qəbul imtahanı sertifikasiyaya bərabər tutulur: “Əgər bərabər tutulursa, bu o deməkdir ki, avtomatik olaraq həmin artım müəllimlərə də şamil olunmalıdır. Qanunvericilikdəki müvafiq boşluğu bir müvafiq qurumlara təqdim etmişik. Onların qeyd etdiyi təklif “Kamal” Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin təklifidir. Əslində, məzmun baxımından MİQ imtahanı ilə Sertifikasiya imtahanı tamamilə fərqlidir. Birində bilik maksimum yoxlanılırsa, digərinə minimum yoxlanılır. Təbii ki, bir imtahan vermiş şəxsin bir müddətdən sonra təkrar imtahana cəlb edilməsi heç bir halda normal qəbul edilə bilməz. Bunun yeganə çıxış yolu MİQ imtahanının növbəti mərhələyə qədər Sertifikasiyaya bərabər tutulmasıdır. Sadəcə məsələ odur ki, sertifikasiyada müsahibə mərhələsində tamamilə fərqli bacarıqlar, MİQ imtahanında fərqli konfitensiyalar yoxlanılır”.
K.Əsədov hesab edir ki sertifikasiya müddətin azaldılması düzgün deyil: “Mütəmadi olaraq insanların imtahanlarda iştirak etməsi onların normal həyatına, tədrisə mənfi təsir göstərəcək. Yaxşı olar ki, növbəti 5 il üçün həmin şəxslər müvafiq olaraq artımla əməkhaqlarını alsınlar, bu, daha ədalətli olardı. Yəni konkret təklif odur ki, ilk dəfə işə qəbul olunanlar 5 ildən sonra deyil, 3 ildən sonra sertifikasiyaya cəlb edilsin. Növbəti dəfə 5 ildən sonra iştirak etsin. Yalnız yeni işə qəbul edilmiş şəxslərin gözləmə müddətinin 5 ildən 3 ilə salınması fikri var. Ancaq hər növbəti sertifikasiya üçün 5 il normal ola bilər”.
Növbəti saylarımızda digər rəylərə də yer ayıracağıq.
Günel CƏLİLOVA