Türkiyə Cumhuriyyəti böyük Türk birliyinin yaranmasına növbəti töhfəsini verməkdədir. Belə ki, bu günlərdə qədim Osmanlı İmperiyasının ilk paytaxtı olan əsrarəngiz təbiətli Bursa şəhəri Korkut Ata Beynəlxalq Film Festivalının keçirilməsi münasibətilə dünyanın dörd bir yanından gələn türk əsilli müsafirlərinə qucaq açıb.
Festivalda Azərbaycan, Özbəkistan, Qırğızıstan və Qazaxıstan kino sənayesinin istehsalı olan filmlərin təqdimatı ilə yanaşı, adıçəkilən ölkələrdən buraya çoxlu sayda çap və elektron media təmsilçiləri də dəvət olunub. Türkiyə Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Türkiyənin Azərbaycandakı Səfirliyinin dəstəyilə baş tutan səfərdə “Bakı Xəbər” qəzetinin əməkdaşı da iştirak edir.
Qeyd edək ki, Korkut Ata festivalında Azərbaycan 4 filmlə təmsil olunur. Bunlar “Dəli Kür”, “Otel otağı”, “”Dalan” və “Hayat qaliba güzeldir” filmləridir.
Bundan başqa, noyabrın 3-də dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyi münasibətilə festival iştirakçıları üçün ölməz sənətkarın əsərlərindən ibarət konsert proqramı təşkil olunub.
Korkut Ata Film Festivalından yeni xəbərlərlə növbəti günlərdə görüşünüzə gələcəyik.
Samirə SƏFƏROVA Bursa- Türkiyə