İkinci Qarabağ müharibəsində yağı düşmənlə ölüm-dirim savaşında qanı bahasına qəhrəmanlıq salnaməsini yazan minlərlə Vətən övladlarından biri də Lənkəranın Sütəmurdov kəndində boya-başa çatan Rəşid Rəşad oğlu Məmmədovdur. O, həqiqi hərbi xidmətini Bakı şəhərində keçirib. Azərbaycan Sülhməramlı Qüvvələrinin tərkibində rabitəçi vəzifəsini layiqincə yerinə yetirib. Düşməndən qisas almaq arzusunda olan Rəşid həyatını elə hərbiyə bağlayır. Belə ki, həqiqi xidmətdən sonra, yəni 2020-cil ilin may ayında xüsusi kursda təlim keçərək bu dəfə MAXE kimi doğma Azərbaycanının şərəfini qoruyur. 27 sentyabr 2020-ci il tarixində başlayan müharibədə əlinə silah götürüb 30 ilə yaxın əsarətdə qalan Vətən torpaqlarının azadlığına qalxır. Lənkəran elinin igid oğlu Rəşid Füzuli uğrunda gedən şiddətli döyüşlərdə xüsusi əməliyyat üçün seçilən 16 nəfər könüllünün biri olur. Və neçə-neçə ağır döyüşlərdən keçir. Ölümə meydan oxuyan Rəşid Vətən torpaqlarının hər qarışı uğrunda əzmlə mübarizə aparır. Həmişə də öndə getməklə əsgərləri qələbəyə səsləyir. Sonuncu döyüşdə də düşmənə xeyli itki verir, 23 yaşında qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.
Vətən müharibəsinin şəhidinin şəhadətinin ikinci ildönümündə Lənkəran şəhər icra hakimiyyəti başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər sakinləri onun şəhərindəki məzarıni ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla andılar. Həm də icra başçısı T.Qaraşov şəhidin ailə üzvləri ilə səmimi söhbət etdi, onların qayğı və problemləri ilə ətraflı maraqlandı. Onu da bildirdi ki, şəhidlərin ömür yolu nə qədər qısa olsa da, gələcək nəsillərimiz üçün örnək olacaq bir tarix yazıb gedirlər. Bu qəhrəmanlıq tarixi onlara əbədi ömür bəxş edibdir. Sizin övladınız Rəşid də Azərbaycanımız var olduqca, ürəklərdə yaşayacaq.
Şəhid atası Rəşad Məmmədov da övladına verilən dəyərə, qiymətə və diqqətə görə minnətdarlıq etdi, onu da dedi ki, şəhid ailələrinin gün-güzəranı tam şəkildə cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir, bu isə onlara özlərini ali səviyyədə diqqətlə əhatə olunmaq və yalqız olmadıqları hissini yaşadır.
Rəşid Rəşad oğlu Məmmədov Ali Baş Komandanın müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü