“Bioloji aktiv qida əlavələri dərman vasitəsi deyil. Lakin təəssüf ki, bəzi əczaxanalarda bunlar dərman vasitəsi kimi satılır”. Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bir neçə gün əvvəl keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, gələn ildən bioloji aktiv qida əlavələrini resept kimi yazan həkimlər və onun satışını həyata keçirən şəxslər inzibati qaydada cəzalandırılacaq.
“Bioloji aktiv qida əlavələrini resept kimi satan həkimlər və onun satışını həyata keçirən şəxslər inzibati qaydada cəzalanacaqlar”
Bioloji aktiv əlavələri dərman kimi reseptə yazan həkimin cəzalandırılması ilə bağlı fikir bildirən həkim ekspert Pərvanə Mustafayeva qeyd etdi ki, bioloji aktiv əlavələrin satışı ölkəmizdə geniş vüsət alıb: “Bioloji aktiv əlavələr olduqca baha qiymətə satılır. Məlumat üçün deyim ki, bioloji fəallığa malik qida əlavələri əsas qidalandırıcı birləşmələr sinfinə daxil olan komponentlərin (vitamin, mineral və s.) orqanizmdə çatışmazlığının aradan qaldırılması, xüsusi fizioloji funksiyaların dəstəklənməsi və ya orqanizmin normal fəaliyyətinin təmin edilməsi baxımından qida rasionunu zənginləşdirmək məqsədilə istifadə olunur. Bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz edə bilməz. Yəni bioloji fəallığa malik qida əlavələri dərman vasitəsilə eyni tərkibli ola bilməz. Xəstəliyin diaqnostikası müayinələr nəticəsində təsdiq edildikdən sonra resept nüsxəsində ona təsir edən dərman preparatlarının təyinatı yazılır. Amma bioloji aktiv əlavələr belə deyil. Həkimin ciddi dərman preparatı kimi bioloji qida əlavələrini reseptdə qeyd etməsi, əlbəttə ki, yanlışdır”.
Ekspert onu da bildirdi ki, bioloji aktiv qida əlavələrini resept kimi satan həkimlər və onun satışını həyata keçirən şəxslər inzibati qaydada cəzalanacaqlar. Amma prosesə nəzarətin necə həyata keçiriləcəyi məlum deyil.
Günel CƏLİLOVA