2023-cü il 1 yanvar tarixindən qüvvəyə minəcək "Qida təhlükəsizliyi haqqında” yeni Qanuna əsasən, ölkə ərazisində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının ilkin istehsalı qadağan ediləcək.
Qeyd edək ki, yem qismində istifadə olunan GMO bitkilər soya, qarğıdalı, pambıq və kanola bitkiləridir. Son məlumatlara görə, dünyanın 29 ölkəsində ümumilikdə 190 milyon hektar ərazidə GMO məhsulları becərilir və bu məhsulların 70-90 faizi məhz yem kimi heyvandarlıqda istifadə edilir.
Yeni qanunla GMO tərkibli məhsulların ölkədə istehsalı qadağan olunacaq. Ancaq nəzərə almaq lazımdır ki, GMO tərkibli bitki və yemlər ölkəmizə daha çox idxal olunur. Maraqlıdır, qadağa niyə idxala şamil edilmir?
“Yeni qərar təqdirəlayiqdir, ancaq idxal məhsullarına şamil edilməməsi yarımçıq addımdır”
"Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, yeni qərar təqdirəlayiqdir, ancaq idxal məhsullarına şamil edilməməsi yarımçıq addımdır: “GMO tərkibli yem məhsullarının Azərbaycanda ilkin istehsalına icazə verilməməsi yaxşı haldır. Çünki ilkin istehsalın ölkəmizdə olması fonunda GMO əkinçiliyi də geniş yayılacaq. Azərbaycanda yem məqsədilə GMO tərkibli malların idxalına icazə verilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sübut etmək istəyir ki, GMO tərkibli yem məhsulları heyvan və quş ətindən istifadə zamanı insanlara mənfi təsir etmir. Lakin AQTA bundan bir il öncə qəbul etdiyi sənəddə onun insana mənfi təsir etdiyini bildirib. Digər tərəfdən, ilkin istehsala qadağa qoyub, idxala icazə verilməsi GMO-nun ölkəmizə gətirilməsi yolunda ilkin addımdır. İlkin istehsala qadağa qoyulduğu kimi, idxalına da icazə verilməməlidir. Təklif etmişik ki, GMO ilə yemləndirilən heyvan əti və südünün satışı zamanı bu barədə onun etiketində məlumat verilsin. Amma bunu da qanuna daxil etməyiblər”.
Günel CƏLİLOVA