Sosial şəbəkələrdə Azərbaycan bayrağının rənglərinə uyğun süpürgə hazırlanması ilə bağlı görüntülər yayılıb. İsmayıllı rayonunda yaşayan sakinlərdən biri mağazadan alıb gətirdiyi süpürgəyə diqqət yetirəndə təəccüblənib. Süpürgə Azərbaycan bayrağının rənglərinə uyğun boyanıb.
Həmin süpürgənin harada istehsal olunduğu, hansı səbəbdən məhz həmin rənglərdə boyandığı, İsmayıllıda satıldığı mağazaya necə gəlib çıxdığı məlum deyil.
Lakin hüquq-mühafizə orqanları artıq məsələ ilə bağlı araşdırmalara başlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupunun yaydığı məlumatda qeyd edilir ki, İsmayıllı rayonunda bayraq rənglərinin əks olunduğu süpürgənin satıldığı ünvan müəyyən olunub. İsmayıllı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Hüseyn Axundov: “Dövlət bayrağına hörmətsizlik təkcə hüquq normalarına deyil, cəmiyyətin əxlaq normalarına da sığmayan bir hərəkətdir”
Hüquqşunas Hüseyn Axundov bildirdi ki, Cinayət Məcəlləsinin 324-cü maddəsində Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Dövlət Gerbi barədə təhqiredici hərəkətlərlə bağlı müddəalar yer alıb: “Qanunvericilikdə qeyd edilir ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı və ya Azərbaycan Respublikasının Dövlət Gerbi barədə təhqiredici hərəkətlər - iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dövlət bayrağına hörmətsizlik təkcə hüquq normalarına deyil, cəmiyyətin əxlaq normalarına da sığmayan bir hərəkətdir. Ümumiyyətlə, Dövlət Bayrağı və Gerbi bizim üçün müqəddəsdir və hər hansı bir formada təhqir edildikdə qanuna uyğun şəkildə cəzalandırılır”.
Eyyub Hüseynov: “Məlum süpürgələrin ölkəmizdə istehsal olunduğu inandırıcı deyil”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, məlum süpürgələrin ölkəmizdə istehsal olunduğu inandırıcı deyil: “Ola bilər, bunlar bizi sevməyən dövlətlərdən - İrandan, hətta Ermənistandan gətirilir. Çünki Gürcüstan “bufer zona” olaraq Ermənistanın bəzi mallarının Azərbaycana keçirilməsinə rahat şərait yaradır. İllər öncə Gürcüstan vasitəsilə Ermənistanın bəzi mallarının Azərbaycana keçirilməsi halları çox olsa da, hazırda azdır”.
Ekspert onu da əlavə etdi ki, Azərbaycan Bayrağının rəngləri ən ali məqamlarda görünməlidir.
Günel CƏLİLOVA