Dünya praktikasında insanların həyat şəraitinin yaxşılaşdırılmasında əsas məqamlardan biri də ictimai nəqliyyat sisteminin düzgün qurulmasıdır. Son illər ölkəmizdə, xüsusən də Bakı şəhərində bu istiqamətdə önəmli addımlar atıldığının şahidi oluruq. Ancaq buna baxmayaraq, ictimai nəqliyyatda xoşagəlməz hallar hələ də yaşanır.
Son günlər "BakuBus" MMC-yə məxsus avtobusların iştirakı ilə yol nəqliyyat hadisələrinin baş verməsinin daha tez-tez şahidi oluruq. Bir neçə gün əvvəl “BakuBus MMC-yə məxsus 30 saylı avtobus qəzaya düşüb. Belə ki, avtobusun əyləc sistemində nasazlıq olduğundan nəqliyyat vasitəsi yaxınlıqdakı mağazanın divarına dəyib.
Ümumiyyətlə, avtobus sürücülərinin diqqətsizliyi hər zaman aktual problemlərdən biri olub. Onların psixoloji durumu üztə müvafiq yoxlama və testlərdən keçməsi vacibdir. Bu baxımdan “BakuBus” sürücülərinin digər avtobus sürücülərinə nisbətən daha məsuliyyətli olduğu deyilirdi. Lakin bəzən bu şirkətin əməkdaşlarının da diqqətsiz davranışları ilə qarşılaşmaq mümkündür.
“Bu tipli problemin kökündən həlli üçün ilk növbədə ictimai nəqliyyatın iqtisadi (maliyyələşmə) və idarəetmə problemi həll edilməlidir”
Nəqliyyat eksperti Ərşad Hüseynov qeyd etdi ki, uzağı 3 ildir istismarda olan bu avtobusların belə texniki nasazlığının olması və həmin nasazlıqla istismar edilməsi təəssüf doğurur: “Son vaxtlar "BakuBus" MMC-yə məxsus avtobuslarla bağlı şikayətlər (səs siqnalından yersiz istifadə, siqnalın çox güclü olması, bəzi sürücülərin kobudluğu və s. istiqamətdə) artır. Bakı sakinlərinin fəxr etdiyi avtobuslarla bağlı belə hallar məyusedicidir. Bu MMC-də olan problemlər aradan qaldırılmalıdır. Əks təqdirdə ictimai nəqliyyatdan üz döndərənlər çoxalacaq. Bu tipli problemin kökündən həlli üçün ilk növbədə ictimai nəqliyyatın iqtisadi (maliyyələşmə) və idarəetmə problemi həll edilməlidir".
Günel CƏLİLOVA