Son illər Azərbaycanda şagirdlərin sınaq imtahanlarına qatılması bir dəb halını alıb. Xüsusən də abituriyentlər qəbul imtahanından əvvəl bir neçə dəfə sınaq imtahanında iştirak edirlər. Sınaq imtahanlarına maraq kütləvidir və bu da nəticədə qiymətlərin bahalaşmasına gətirib çıxarır. Ölkəmizdə sınaq imtahanlarının qiyməti çox bahadır. Sınaq imtahanlarının qiymətinin çox baha olması ölkənin müxtəlif sferalarında müzakirə olunur, tənqid edilir.
Məlumat üçün qeyd edək ki, hazırda sınaq imtahanlarının qiyməti 40 manatdir. Bu da valideynlərin narazılığına səbəb olub. İddia olunur ki, qarşıdakı aylarda sınaq imtahanlarının qiyməti daha da artacaq. Ekspertlər deyir ki, DİM bunu da bir biznes yerinə cevirib.
Maraqlıdır, sınaq imtahanlarının qiyməti niyə yüksəkdir? Bu qiymətlər hansı əsaslarla tənzimlənib?
Təhsil eksperti Nizami Hüseynov qeyd etdi ki, sınaq imtahanları üçün nəzərdə tutulan 40 manat şişirdilmiş qiymətdir və heç bir məntiqi əsası yoxdur: “Bakalavr səviyyəsində qəbul imtahanlarına giriş 40 manatdır. Magistratura səviyyəsində qəbul imtahanları 50 manat, sınaq imtahanları isə 40 manatdır. Xatırladım ki, qəbul imtahanlarının qiyməti 6 il ərzində 20 dəfəyə yaxın bahalaşıb. Belə ki, 2016-cı ilə qədər imtahan 2 manat, 2018-ci ildə 20 manat, 2020-ci ildə 40 olub, 2023-cü ildə 45 və 50 manat olacaq. Səbəb? Heç bir halda, nə qədər resurs cəlb etməyindən asılı olmayaraq sınaq imtahanının qiyməti 10 manatdan, qəbul imtahanının qiyməti 10-20 manatdan çox ola bilməz. Qazanc əldə etmək, eyni zamanda həqiqətən də şagirdlərin bilik və bacarığını yoxlamaq istəyirlərsə, o zaman imtahanın qiyməti 10 manatdan artıq olmamalıdır. Təhsilə xidmətdən söhbət gedirsə, məbləğ 10 manatı keçə bilməz”.
Ekspert hesab edir ki, hazırkı sınaq imtahanının büdcəsi bütün abituriyentlər üçün əlçatan deyil. Bu da çox sayda şagirdi öz bilik və bacarıqlarını yoxlamaq imkanından məhrum edir və edəcək. Kimin imkanı varsa, o oxumalıdır?
Günel CƏLİLOVA