Azərbaycanın Milli Qəhrəmanı Soltanağa Nəhmət oğlu Bayramov doğum günündə anılıb.
17 oktyabr 1936-cı ildə Lənkəran rayonunun Şürük kəndində dünyaya gələn Sultanağa Bayramov orta təhsilini Astara rayonunda alır. O, 1957-ci ildə Lənkəran Tibb Məktəbini bitirdikdən sonra təyinatla Lənkəran hərbi hospitalında işləyir. On il bu sahədə fəaliyyət göstərdikdən sonra fizioterapevt, eləcə rentgenoloq-texnik vəzifələrində çalışır. Milli Ordunun çox sayda əsgərlərini müalicə edərək ikinci dəfə həyata qaytarır. Hospitalda işlədiyi müddət ərzində “Səhiyyə əlaçısı” adına layiq görülür.
1990-cı illərdə “Talış Muğan Respublikası” yaratmaq istəyi ilə Əlikram Hümbətov öz quldur dəstəsi ilə Cənub bölgəsində ağır cinayətlər törədirdi. 23 avqust 1993-cü ildə quldurlar hərbi hospitala hücum edərkən Soltanağa Bayramov onlara müqavimət göstərir. Lakin ağır yaralanaraq xəstəxanada Vətən eşqli ürəyi dayanır. Lənkəran şəhərinin Şəhidlər xiyabanında müqəddəs bildiyi torpağa tapşırılır.
Soltanağa Bayramov ölümündən sonra, 24 avqust 1993-cü ildə “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adına layiq görülür. Cismən aramızdan getdiyi 29 ildir. İndi Lənkəran şəhərindəki küçələrdən biri qəhrəmanın adını daşıyır. Həm də şəhərdə onun büstü qoyulub, yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.
Bəli, əbədiyyətə qovuşan Sultanağa Bayramov aylar, illər ötsə belə heç vaxt unudulmaz və daima qəlblərdə yaşayacaq.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü