"Bu gün məktəb yaşlı qızların erkən nikaha cəlb edilməsi narahatlıq doğuran məsələlərdəndir. Ötən ilin statistikası onu deməyə əsas verir ki, Qaradağ rayonunda erkən nikah halları daha çox müşahidə olunub". Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Qeyd edək ki, erkən nikahların qeydə alındığı bölgələr artıq dəyişib. Əvvəllər erkən nikah faktları daha çox cənub bölgəsində qeydə alınırdı. Ancaq bu gün bu sahədə vəziyyət dəyişib. Belə ki, bu gün erkən nikah əsasən Bakı kəndlərində qeydə alınır.
“Ölkəmizin bütün bölgələrində erkən nikah halları müşahidə olunur, erkən nikah problemi hələ də aradan qalxmayıb”
“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bildirdi ki, ölkəmizin bütün bölgələrində erkən nikah halları müşahidə olunur: “Məlumat üçün bildirim ki, erkən nikah problemi hələ də aradan qalxmayıb. Erkən nikahlar yenə də baş tutur. Əvvəl olduğu kimi, qızların 14-15 yaşdan ərə verilməsi faktları var. Çox təəssüf ki, cəmiyyət erkən nikah bəlasından xilas ola bilməyib. Bu gün erkən nikahların azaldığını söyləmək olmaz. Sadəcə olaraq, bu faktlar az üzə çıxır. Yaxşı ki, sosial şəbəkələr erkən nikah hallarını ictimailəşdirir. Əks halda, bu məsələlərdən insanlar xəbər tutmaz, faktlar gizli saxlanar. Biz çalışmalıyıq ki, uşaqların erkən nikaha cəlb edilməsində rol oynayan, bunun qarşısını almayan valideynlər də cəzalandırılsın. Cəzasızlıq mühiti olduqca bu hallar təkrarlanacaq”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, əksər hallarda erkən nikahı “nişan”, “adqoydu” adı ilə ört-basdır etməyə çalışırlar.
Birlik sədri hesab edir ki, erkən nikaha qarşı qanunvericilik daha da sərtləşdirilməlidir: “Həm cərimə, həmçinin də azadlıqdan məhrumetmə cəzası artırılmalıdır. Belə olarsa bu sahədə vəziyyət yaxşılığa doğru dəyişər”.
Günel CƏLİLOVA