Rusiya rəsmilərinin zərurət olduğu halda Ukraynaya qarşı nüvə silahından istifadə edə biləcəyi barədə bəyanatları Azərbaycan əhalisi arasında da təşviş yaradıb. İnsanlar apteklərdən kütləvi şəkildə və bolluca yod alaraq evlərində ehtiyat saxlayırlar. Bu isə apteklərdə yod çatışmazlığına səbəb olub.
Qeyd edək ki, bu ilin əvvəllərində Avropada, xüsusən də Rumıniyada apteklərdə yod preparatı ehtiyatlarının tükənməsi ilə bağlı məlumatlar yayılmışdı. Bildirilirdi ki, Rusiya gec-tez müharibədə nüvə silahına əl atacaq və bu səbəbdən avropalılar nüvə bombasının yayacağı radiasiyadan qorunmaq üçün apteklərdəki bütün yod məhlullarını, hətta əleyhqazlar da alıblar. Rumıniyanın səhiyyə naziri Alexandru Rafila mətbuata açıqlamasında yod həblərinin əhaliyə pulsuz paylanacağını bildirmişdi.
Maraqlıdır, yod orqanizmi nüvə radiasiyasından qorumaq üçün effektlidirmi?
“İnsanlar düşünürlər ki, Rusiya taktiki nüvə silahını istifadə edərsə, onun bura gəlib çata biləcək zərərlərindən qorunmaq üçün yoddan istifadə vacibdir, ancaq yodun radioprotiktiv təsiri…”
Tibb professoru Adil Qeybulla bildirdi ki, Azərbaycanın dərman bazarında baş verən qıtlığın obyektiv və subyektiv səbəbləri var: “Obyektiv səbəblər baş verən proseslərə bağlıdır. Yəni Rusiya-Ukrayna savaşı və bundan qaynaqlanan çətinliklər, infrastrukturun dağıdılması - Azərbaycan həmin zavodlardan dərman idxal edirdi, - digər səbəb isə bu işin düzgün təşkil olunmamasıdır. Yəni belə situasiyalar yarandığı tədqirdə bizim resurslarımız başqa rezervlərdən təmin olunmalıdır. Bu olmadıqda biz qıtlıqla üzləşirik. Ekstremal durumlarda insanların şayiə və qeybət mədəniyyətinin dalınca düşməsi təəssüf doğurur. Bu kimi hadisələrin qarşısını almaq üçün maarifləndirməyə ehtiyac var. Xatırladım ki, pandemiya təcrübəsində də analoji vəziyyətlə qarşılaşdıq. Onda da bəzi dərman preperatlarının kütləvi alışı baş verdi, indi də yodun defisiti yaranıb. Yod qıtlığının əsas səbəbi insanların kütləvi istehlakı ilə bağlıdır. İnsanlar düşünürlər ki, Rusiya taktiki nüvə silahını istifadə edərsə, onun bura gəlib çata biləcək zərərlərindən qorunmaq üçün yoddan istifadə vacibdir. Əvvəla qeyd edim ki, yodun radioproduktiv təsiri yetərli deyil. Bəzi xüsusi radioproduktiv dərmanlar var ki, onlar individual olaraq hər bir əsgərin, mülkü müdafiədəki vətəndaşın çantasında olmalıdır. Onların qəbulu qaydası haqqında məlumatlar olur. Əgər hər hansı təhlükə yaranarsa, ölkə dərhal mülki-müdafiə sisteminə keçir. Bütün zirzəmilər, xüsusi gizlənmə yerləri hazırlanır, əhaliyə xəbərdarlıq olunur. Xəbərdarlıqdan sonra insanlar məlumatlandırılır və təbii ki, onlar müəyyən radioproduktiv dərmanlarla təmin edilirlər. Yəni bu, dövlətin səlahiyyətində və imkanında olan tədbirlərdir. Bu məsələdə vətəndaşların hər hansı bir ehtiyat görməsinin heç bir mənası, əhəmiyyəti yoxdur".
Günel CƏLİLOVA