Dağlar diyarı Lerik rayonunda Çayrud adında bir kənd vardır. Əzəldən bu yurd yeri həmişə öz mərd oğulları ilə üzüağ olmuşdur. Vətən müharibəsində qanları bahasına Çayrudun şöhrətinə şöhrət qatan qəhrəmanları da olub. Elin oğlu Cavanşir Həmidli də 44 gün çəkən, xalqımıza zəfər sevincini yaşadan haqq savaşımızda müharibə meydanında şücaət göstərib şəhidlik zirvəsinə ucalaraq 23 yaşında əbədiyaşarlıq qazandı.
Şəhid Cavanşir Lənkəran Dövlət Universitetini bitirmişdi. Ölümündən sonra dövlət tərəfindən “Vətən uğrunda”, “Füzulinin azadolmasına görə” medallarına layiq görülür.
Vətən müharibəsi iştirakçısı, şəhid Cavanşir Həmidlinin şəhadətinin ikinci ildönümündə doğma kəndində anım mərasimi keçirildi. Rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov və kənd sakinləri böyük ehtiramla şəhidin uyuduğu, müqəddəs and yerinə dönən məzarını ziyarət edib, üstünə gül dəstələri qoydular. Həmçinin kənd ictimaiyyəti tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi də tədbir iştirakçıları tərəfindən ziyarət olundu.
Sonra rayon icra hakimiyyəti başçısı şəhid ailəsinin yaşadığı evə gələrək onların problemləri ilə ətraflı maraqlandı və Vətən yolunda canından keçən şəhidlərin anılması, xatirələrinin əziz tutulması hər bir vətəndaşımızın mənəvi borcudur dedi, dövlət də bu istiqamətdə üzərinə düşən bütün addımları layiqincə atdığını vurğuladı.
Şəhidin atası Namiq Həmidov bütün şəhidləri öz doğma balası hesab edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılığını söylədi.
Bəli, misilsiz qəhrəmanlıq nümunəsi göstərib 44 günlük İkinci Qarabağ müharibəsini şanlı tariximizin udulmaz səhifəsinə çevirən Vətən övladların xatirəsi yaddaşlardan heç vaxt silinməz. Mərdlər yurdunun Cavanşir oğlu da belə...
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü